"Oqtay Gülalıyevi artıq ayaq üstə qaldırırlar"-Firuzə Gülalıyeva
“Hüquq müdafiəçisi Oqtay Gülülıyevin səhhətində irəliləyişlər qeydə alınır. Əməliyyatdan sonra onun oyanıqlığı daha da artıb. Əllərini tərpətməsi, hərəkətləri artıb. Artıq son bir-iki gündür onu aparatlar vasitəsi ilə ayaq üstə qaldırırlar”. 7gun.org xəbər verir ki, bu barədə hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Gülalıyeva Turan-a bildirib.
Oqtay Gülalıyev 2019-cu il oktyabrın 29-da avtomobil vurduqdan sonra ağır kəllə-beyin travması alıb və komaya düşüb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar.
Oktyabrın 30-da o, beyindən gematomanın çıxarılması üzrə əməliyyat olunub.
Noyabrın 5-də birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb.
Bundan sonra Oqtay Gülalıyev noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və İstanbul Avrasiya Xəstəxanasına yerləşdirilib.
Noyabrın 19-da hüquq müdafiəçisi İstanbulda yerləşən Amerika Xəstəxanasına (Amerikan Hastanesi) köçürülüb.
2019-cu il noyabrın 22-də və bu il yanvarın 10-da onun beynində yenidən neyrocərrahiyyə əməliyyatlarıı aparılıb.
Firuzə Gülalıyeva "Amerikanın Səsi"nə deyib ki, hərəkətlərində irəliləyişlər olmasına baxmayraq, Oqtay Gülalıyev hələ komadan tam ayılmayıb. “Nitqində irəliləyiş yoxdur. Hələ danışmır. Əvvəllər oturdurdular. Amma indi aparatlar vasitəsi ilə ayaq üstə qaldırırlar. Həkimlər komadan nə vaxt ayılacağı ilə bağlı hələ bir söz demir. Həkimlər Oqtayın ayağa qalxmasını da gözləmirdilər. Oqtayın Azərbaycanda əməliyyatı həddən artıq çox gecikdirilib”, deyə o qeyd edib.