"Oqtay Gülalıyevin böyrəklərində kreatinin səviyyəsi azalıb və daha rahat nəfəs alır"-Firuzə Gülalıyeva


Hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyətində müsbət dinamika qalır. 7gun.org Turan.az-a istinadən xəbər verir ki, bu barədə onun xanımı bildirib.

Füruzə Gülalıyevanın sözlərinə görə, bir həftədən çoxdur ki, hərarəti yüksəlmir, böyrəklərində kreatinin səviyyəsi azalıb və daha rahat nəfəs alır.

“Oqtay artıq sağ gözünü açır. Həkimlərin sözlərinə görə, komadan ayılması ehtimalı da artır, amma buna bir zaman lazımdır”, - o bildirib.

F.Gülalıyeva deyib ki, “Amerika hospitalı” klinikasının  həkimləri Heydər Əliyev Fondundan xahiş ediblər ki, müalicə xərcləri 10 gün yox, 1 ay öncədən  ödənilsin. “Hələlik cavab verilməyib. Amma ümid edirəm ki, təklif müsbət qarşılanar”, - o qeyd edib.

Xatırladaq ki, hüquq müdafiəçisinin oktyabrın 29-da Bakının mərkəzində maşın vurub.  O, ağır kəllə-beyin travması alıb, beyninə qan sızıb. Bur neçə saatdan sonra komaya düşüb

Oktyabrın 30-da Bakıda onun üzərində neyrocərrahiyyə əməliyyatı aparılb.

Noyabrın 5-də Heydər Əliyev Fondunun dəvətilə gələn türkiyəli mütəxəssislər onun müalicə üçün Türkiyəyə aparılmasını tövsiyə ediblər. Noyabrın 6-da o, AZAL-ın xüsusi reysi ilə İstanbula göndərilib və “Avrasiya” klinikasına yerləşdirilib. Noyabrın 19-da “Amerika hospitalı”na köçürülüb, ertəsi gün başına toplanmış mayeni çıxarmaq üçün daha bir neyrocərrahiyyə əməliyyatı keçirib.

O.Gülalıyevin müalicəsi ilə bağlı bütün xərcləri Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu öz üzərinə götürüb.