"Azərbaycanda işgəncələr 2003-cü ildən genişlənib"-Arif Hacılı
7gun.org Turan.az-a istinadən xəbər verir ki, noyabrın 21-də Müsavat Partiyasının qərargahında Repressiya və İşgəncələr Əleyhinə Komitənin növbəti toplantısı keçirilib.Toplantı Komitənin koordinatoru Oqtay Gülalıyevin oktyabrın 29-da avtomobil qəzasına düşdükdən sonra fəaliyyətini davam etdirə bilməməsi və işgəncə şikayətlərinə həsr edilib.
Komitə üzvü Eldəniz Quliyev bildirib ki, O.Gülalıyevlə bağlı müəmmalı qəzadan sonra onların fəaliyyətində müəyyən bir fasilə yaranıb. «Amma Komitə bu günlərdəki iclasında hüquqşünas Namizəd Səfərovu qurumun yeni koordinatoru seçib».
E.Quliyev vurğulayıb ki, artıq ölkədə işgəncələr genişlənərək bütün qırmızı xətləri keçib: «Artıq işgəncə sıravi, nisbətən az tanınan şəxslərə yox, partiya, təşkilat liderlərinə də verilir. 19 oktyabr aksiyasında saxlanan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqubluya və istiqlalçı millət vəkili İbrahim İbrahimliyə işgəncə verilib».
E.Quliyev bildirib ki, bu işgəncə və repressiyaların qarşısını almaq üçün vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar səylərini artırmalıdır.
AXCP sədri Əli Kərimli isə deyib ki, artıq ölkədə işgəncə siyasi mübarizə vasitəsinə çevirib. O vurğulayıb ki, indi işgəncə araşdırmaları ilə bağlı fəaliyyət ölkədə risklidir.
Ə.Kərimli habelə deyib ki, işgəncələrin artması cəmiyyətdə nifrəti, kini artırır, bunun aradan qaldırılması üçün işgəncədən imtina edilməlidir:
«Cəmiyyət işgəncə verənləri də, işgəncəni sifariş verənləri də elə qınamalıdır ki, yaşamaq elələri üçün çətin olsun».
Ə.Kərimli bu məsələlərlə bağlı beynəlxalq sanksiyanın (Maqnitski siyahısı) tətbiq olunmasını da vacib sayıb.
Müsavat Partiyasının başqanı Arif Hacılı isə bildirib ki, işgəncələr bütün dünyada ağır cinayət sayılır, amma buna baxmayaraq, Azərbaycanda hələ də davam edir. O qeyd edib ki, Azərbaycanda işgəncələr 2003-cü ildən genişlənib.
Daha sonra toplantıda yekun bəyanat qəbul edilib. Bəyanatda qeyd edilib ki, son vaxtlar Azərbaycanda işgəncə halları artmaqdadır.
Bəyanat müəllifləri beynəlxalq təşkilatlara üz tutaraq bu məsələlərə daha ciddi reaksiya verilməsini lazım biliblər.
Bəyanatda hüquq müdafiəçisi O.Gülaliyevin düşdüyü avtomobil qəzası müəmmalı sayılıb. Toplantı iştirakçılarından biri də təklif edib ki, O.Gülaliyevlə bağlı beynəlxalq istintaqın aparılması istəyi də sənəddə öz əksini tapmalıdır.
Azərbaycan rəsmiləri isə polis və cəzaçəkmə müəssisələrində işgəncələrin olması ilə bağlı şikayətləri, bir qayda olaraq, əsaslı saymırlar. Ölkənin hüquq-mühafizə orqanları hesab edirlər ki, belə şikayətlər qərəzli və şişirdilmiş olur.
Bir müddət öncə Baş Prokurorluq Milli Şuranın oktyabrın 19-da keçirdiyi aksiyada AXCP sədri Ə.Kərimliyə saxlandıqdan sonra işgəncə verilməsi ilə bağlı onun açıqlamasına da münasibət bildirmişdi. Prokurorluğun açıqlamasında Ə.Kərimli günahlandırılmış və onun özünün başını avtobusda dəmir barmaqlıqlı qapıya vurduğu iddia edilmişdi.