Bu gün kitab aksiyası keçirilib


“NİDA Vətəndaş Hərəkatının bu gün, iyunun 23-ü, Müsavat Partiyasının qərargahında siyasi məhbus sayılan şəxslərə yardım məqsədilə kitab aksiyası keçirdiyi bildirilir.

Hərəkatın məlumatına görə, məhbus ailələrinin təşəbbüsü ilə baş tutan aksiya zamanı bir neçə nəşriyyatın kitabları satışa təqdim olunub.

Aksiyaya qoşulanlara NİDA Vətəndaş Hərəkatının indiyə kimi nəşr etdirdiyi bir neçə kitabın da hədiyyə olaraq təqdim edildiyi bildirilir.

Təşkilatçılar həbsdə olan ictimai fəal insanlara mənəvi dəstək məqsədilə kitabtoplama aksiyası da keçiriblər. Həmin toplanan kitabların həbsdəki siyasi məhbus sayılan insanlara göndərilməsi planalaşdırılır.

Xatırlatma

NİDA Vətəndaş Hərəkatı Azərbaycanda vətəndaş cəmiyyəti və demokratik-hüquqi dövlətin qurulması məqsədilə hüququn aliliyinin təmin edilməsi və sosial-iqtisadi dəyişikliklərin keçirilməsi ideyası ətrafında yaradılan təşkilat olduğunu elan edib.

Hərəkatın 5 üzvü, müxtəlif ittihamlarla hazırda həbsxanadadır.

Yerli hüquq müdafiəçiləri hazırda Azərbaycanda 140 civarında siyasi məhbusun olduğunu bildirirlər. Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbus olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər. Azadliq.org