İradə Cavadova Vəkillər Kollegiyasından təkrar araşdırma tələb edir


Vəkil İradə Cavadova Vəkillər Kollegiyasının Rəyasət Heyətinə və İntizam komissiyasına müraciət edərək onun səlahiyyətlərinin dayandırılması barədə qərara yenidən baxılmasına və obyektiv qərar qəbul edilməsinə çağırıb.

Xatırladaq ki, iyunun 11-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti İntizam komissiyasının rəyi əsasında məhkəməyə müraciət edərək İ.Cavadovanın vəkillik fəaliyyətinin dayandırılmasını istəyib. Buna əsas kimi vətəndaş K.M.-in şikayəti göstərilib. Belə ki, K.M. bildirib ki, vəkil onun saxlanması haqda "yalan məlumat" yayaraq onun adına "xələl gətirib".

Əslində isə vəkil K.M.-in DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qanunsuz saxlanması ilə əlaqədar nazir Ramil Usubova müraciət edib. Bundan sonra K.M.-i buraxıblar.
İ.Cavadova öz müraciətində qeyd edir ki, İntizam komissyası sübutların təqdim edilməsinə məhəl qoymayıb və qərəzli rəy verib.

O xatırladır ki, 2005-ci ildən Vəkillər Kollegiyasının üzvüdür və indiyədək onun barəsində intizam cəzası olmayıb.

Buna baxmayaraq, Rəyasət Heyəti qeyri-obyektiv və əsassız qərar qəbul edib.

Bununla əlaqədar o, materialların Rəyasət Heyətinin və İntizam komissiyasının bütün üzvləri tərəfindən öyrənilməsini və bu sənədlərin əsasında obyektiv qərarın qəbulunu tələb edir.
Xatırladaq ki, söhbət ilk növbədə saxlanılan şəxsin hüquqlarının müdafiəsinə dair müqavilədən gedir.
Vəkillər Kollegiyası müqavilənin olmadığını və İ.Cavadovanın müştərinin razılığı olmadan fəaliyyət göstərdiyini bildirsə də, bu sənəd var.
İ.Cavadova fəal vətəndaş mövqeyi ilə tanınır və yüksək peşəkar vəkil reputasiyasına malikdir.
О, bir çox rezonans doğuran işlər, o cümlədən vətəndaşların mülkiyyət hüquqlarının pozulması faktları, fəalların müdafiəsi üzrə işlərdə vəkil kimi çıxış edib. Turan.az