Aynur Camalqızı jurnalisti döydürdü
Jurnalist Dəyanət Babayev ötən gün təzyiqlərə məruz qalıb. Jurnalist sosial şəbəkədə paylaşdığı statusunda bildirib ki, Axar.az və Teleqraf.com saytının rəhbəri Aynur Camaqızının həyat yoldaşı İlqar və onun qoçu dəstəsi Hüseyn Cavid parkında onu döyüblər.7gun.org Realliq.info-ya istinadən xəbər verir ki, onlar jurnalistə müxtəlif bədən xəsarətləri yetiriblər. Baş verən hadisə ilə bağlı polisə müraciət edən jurnalist qeyd edib ki, döyülmədən sonra özünü narahat hiss edir və xəsarətləri ciddidir.
Dəyanət Babayevin Facebookda paylaşdığı statusu olduğu kimi diqqətinizə çatdırırıq:"Dünən axşam təxminən saat 7-8 radələrində Kəramət Böyükçöl mənə zəng etdi və bildirdi ki, onu Aynur Camal qızının həyat yoldaşı İlqar onu hədələyərək təhdid edir. Onu Elmlər Akademiyasında Hüseyin Cavid parkına razborka etməyə çağırır. O dedi ki, İlqar məni döyə bilər və sən bunu çəkib ictimailəşdirməyə kömək et. Mən etiraz etmədim. Dərhal həmin ünvana getdim. Parkda Kəramət və şair Mübariz Məsimoğlu da var idi. Məlum oldu ki, Kəramət Aynur xanımdan 600 AZN borc pul alıb. Pulu deyilən vaxtdan bir az gec qaytardığı üçün Aynur xanım ona telefonla təhqir mesajları yazıb və daha sonra Kəramətin 21 yaşlı həyat yoldaşına zəng edərək onu və Kərəməti təhdid edib ki, sənin nömrəni verəcəyəm ərim İlqara, qoy, o, səninlə danışsın. Bu sözləri həyat yoldaşı Kəramətə dedikdən sonra Kəramət Aynur xanıma cavab mesaji yazıb. Daha sonra söhbətə Aynur xanımın həyat yoldaşı İlqar qarışmalı olub.
İlqar Hüseyn Cavid parkına idmançı bir dostu ilə gəldi. Mən və Mübariz bəy onları kənardan müşahidə edirdik. Onlar Kəramətlə söhbət edə-edə onu təxminən 500-600 metr kənara apardılar. Sən demə, İlqar bəy xüsusi plan hazırlamışmış. Bizi onun digər idmançı dostları da qara maşınlarla müşahidə edirdilər.
Aralarında mübahisə düşdü. İlqar və dostu Kəraməti döyməyə başladılar. Sonra həmin maşınlardan İlqarın digər dostları düşüb gəldi. Mən məsələnin artıq ciddi olduğunu anlayıb telefonumla hadisəni çəkməyə başladım. Bu zaman İlqarın idmançı qoçu dəstələri üstümə hücum çəkdi, məni Kəramətdən də betər vicdansizcasına döyməyə başladılar, telefonumu ayaqarıyla əzib sındırdılar, özümü yerə yıxıb sağ və sol tərəfdən başıma təpiklə zərbələr vurdular. Sonra mən və Kəramət qaçıb və dəmir raşotkadan tullanıb Bakı Dövlət Unversitetinin həyətinə keçdik, mühafizəçilərdən kömək istədik, yoxsa azğınlaşmış insanlar bəlkə də bizi rəsmən öldürəcəkdilər.
Baş verən hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişəm. Dünən hadisəni araşdırmaq üçün məni Yasamal rayonu 28-cı polis bölməsinə dəvət etdilər, amma daxili ağrılarım çox olduğu üçün gedə bilmədim. Ağrılardan gecə, demək olar ki, yata bilməmişdim. Bu gün isə polis bölməsinə gedib hadisə ilə bağlı ifadə verəcəyəm".