“Hətta ailə üzvləri belə məhkəmədə iştirak etməyib"- Sədaqət Yusifli


Məhkmə iclası saat 14.15-ə elan edilsə də saat 11-də vəkilin və ailə üzvlərinin iştirakı olmadan keçirilib.

İyunun 13-də Bakı Apellyasiya Məhkəməsi hakim Rizvan Səfərovun sədrliyi ilə AXCP Rəyasət Heyətinin üzvü Asif Yusiflinin cəzanın çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilməsi ilə bağlı müraciətini təmin etməyib. Asif Yusifli cəzasının üçdən ikisini çəkdikdən sonra məhkəməyə müraciət edib.

Məhkmə iclası saat 14.15-ə təyin edilsə də satt 11-də vəkilin, ailə üzvlərinin iştirakı olmadan keçirilib.

Belə ki, Asif Yusiflinin vəkili Bəhruz Bayramov, ailə üzvləri, onlarla tərəfdarı məhkmənin qarşısına gəlib və hakimə zəng ediblər. Bu zaman hakim məhkəmənin artıq keçirildiyini bildirib.

Asif Yusifli 2014-cü il noyabrın 25-də dələduzluq və sənədlərin saxtalaşdırılması ittihamı ilə həbs edilib. Bu iş üzrə zərərçəkən Fəridə Zülfüqarova Təhsil Nazirliyinin əməkdaşı Rafiq Hüseynova vermək üçün A.Yusifliyə 6500 manat pul verib. Sonuncu bu pul müqabilində F.Zülfüqarovanın Ukraynada yaşayan oğluna ali təhsil almasını təşkil etməli idi. Amma sövdələşmə alınmayıb, R.Hüseynov pulu qaytarmayıb. Məhkəmənin gedişində R.Hüseynov pulu özünün aldığını, bu məsələdə A.Yusiflinin təqsiri olmadığını söyləyib. F.Zülfiqarova isə dəyən ziyani ödənildiyi üçün ərizəsini geri götürüb.

Amma, məhkəmə A.Yusiflini dələduzluq və sənədləri saxtalaşdırmaqda günahkar sayaraq 7 il 6 ay azadlıqdan məhrum olunması barədə hökm çıxarıb.

2016-cı ilin mayında Cinayət Məcəlləsində dəyişklik edildikdən sonra Asif Yusifli Ali Məhkəmədən Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsinin 178.2-ə tövsif olunmasını xahiş edib. Məhkəmə ittihamı tövsif etsə də cəza müddətini dəyişməz saxlayıb. Bununla yanaşı, məhkəmə şikayətçiyə dəyən ziyanın ödənilməsini, A.Yusiflinin Qarabağ müharibəsi iştirakçısı və azyaşlı xəstə uşaqlarının olmasını nəzərə alaraq onun 7 il 6 aylıq cəza müddətini 6 ilədək azaldıb.
Bu gün AXCP sədri Əli Kərimli bildirib ki, məhkəmənin xəlvət, vəkilin iştirakı olmadan keçirilməsi qanunsuzluqdur.

“Qarabağ qazisi Asif Yusiflinin günahı yoxdur. O əslində Qarabağ qazisi olan həmkarı Zaur Həsənovun özünü öldürmə həddinə, özünü yandırma həddinə çatdırılmasına görə şəhərin mərkəzində mitinq təşkil etdiyi üçün həbs edilib. Artıq dördüncü ildir ki, həbsxanada saxlanılır”.
Kərimli müqayisə üçün deyib ki, ölkədə rəsmən məhkəmədə ayda 400 min manat paketdə pul aldığı təsdiq olunan nazir bu gün Elmlər Akademiyasının prezidentinin müşaviridir.

“Rabirə işi” üzrə məhkəmədə rəsmən milyonlarla rüşvət aldığı təsdiq edilmiş Yeni Azərbaycan Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri, guya, o milyonları ödədiyinə görə (söhbət on milyondan çox puldan gedir) hazırda evindədir. O milyonları mənimsəyənlərin hamısı guya o pulu ödədikləri üçün , - “MTN işi”ndə də, “Rabitə işi”ndə də həbsdən azad olunublar. Milyonları mənimsəyən nazirlərə ümumiyyətlə gözün üstündə qaşın var deyən yoxdur. Amma Asif Yusifliyə aidiyyatı olmayan 6500 manat, həm də artıq ödənilmiş bu vəsaiti bəhanə edib Qarabağ qazisinə bu zülmü yaşadırlar”, o qeyd edib.
Asif Yusiflinin anası Sədaqət Yusifli Amerikanın Səsinə bildirib ki, məhkəmənin xəlvət keçirilməsini qınayır.

“Hətta ailə üzvləri belə məhkəmədə iştirak etməyib. Asif Yusifli Qarabağ əlilidir. Onun ailəsinə bu zülmü yaşadırlar. Nə deyim bu hökumətə...”, o qeyd edib.