Oqtay Gülalıyevlə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına çağırış olundu
Repressiya və İşgəncələrə Qarşı Komitəsinin koordinatoru Oqtay Gülalıyevin sızın köməyinizə ehtiyacı var. 2019-cu il oktyabrın 29-da komitənin iclasından qayıdarkən yolda onu maşınla vurublar. O aldığı travmadan komaya düşüb. Təəssüf ki, vaxtında tibbi yardım göstərilmədiyi üçün vəziyyəti kritikləşib və hazırda durumu ağırdır.
7gun.org Turan.az-a istinadən xəbər verir ki, Repressiya və İşgəncələrə Qarşı Komitənin yaydığı müraciətdə belə deyilir:"İstanbuldakı Amerika xəstəxanasının həkimləri onun həyatı üçün mübarizə aparırlar. Bir aydan çoxdur ki, müalicəyə vəsait ayıran Heydər Əliyev Fondunun maliyyə dəstəyi sayəsində ixtisaslı tibbi yardım göstərilir.
Lakin dekabrın 10-dan Fond Türkiyədə müalicənin maliyyələşdirilməsini dayandırır və müalicənin Azərbaycanda davam etdirilməsini təklif edir.
Azərbaycanda bu müalicənin effektli ola biləcəyinə əmin deyilik. İxtisaslı müalicəni davam etdirmək üçün vəsait və beyin travması sahəsində aparıcı mütəxəssislərin məsləhəti lazımdır.
Sizə müraciət edərək Oqtay Gülalıyevin müalicəsinin davam etməsi və həyatını xilas etmək üçün səyləri dəstəkləməyə çağırırıq.
Sizin hüquq-müdafiə həmrəyliyinizə ümid edirik".
Repressiya və İşgəncələrə Qarşı Komitəsi
Bakı, 04.12.2019