Klinikanın qarşısında ölümlə savaşan şəxsə niyə yardım göstərilmədi?– “Yeni Med” SƏBƏBİ AÇIQLADI – VİDEO


20 Yanvar” stansiyasının yaxınlığındakı “Yeni Med” klinikasının önündə yaşlı kişinin ağır vəziyyətdə olması və ona yardım göstərilməməsinin görüntüsü yayılıb.

Yayılan videogörüntülərdə bildirilir ki, ətrafdakılar dəfələrlə klinikadakı həkimlərin həmin şəxsə kömək etməsi üçün təkid etsələr də, onlar heç bir yardım göstərməyib. Əraziyə çağrılan təcili yardım da vaxtında çata bilməyib. Nəticədə sakinləri özləri həmin şəxsi Respublika Klinik Xəstəxanasına aparıblar. Həmin şəxsin yolda keçindiyi bildirilir.

Məsələ ilə bağlı “Yeni Med” klinikası ilə əlaqə saxladıq.

7gun.org-ın məlumatına görə, Klinikadan Publika.az-a bildirdilər ki, görüntülər və məlumatlar tamamilə təhrif olunmuş formada insanlara çatdırılıb.

“Həmin şəxs klinikanın qarşısında yıxılan kimi bizim həkimlərimiz ona yardım göstərib. Klinikamız poliklinika tiplidir, stasionar xidmət yoxdur. Buna baxmayaraq biz hadisə baş verən kimi həmin şəxsə yardım göstərdik. Lakin həkimlərimiz xəstəyə tibbi yardım göstərəndə o artıq keçinmişdi. Onun göz əlaqəsi itmişdi, nəbzi yox idi, təzyiqi sıfır idi, nəfəs almırdı. Lakin buna baxmayaraq həkimlərimiz ona ilkin yardım göstərdi, xəstədə infarkt əlaməti var idi. Ora toplaşan şəxslər tez-tez bizə yardım etmək üçün müraciət edirdi. Lakin onların hər birinə vəziyyəti izah edirdik, həmin şəxs artıq keçinmişdi. Videoda bir qızın ona ürək masajı etdiyi görünür. Lakin infarkt keçirmiş adama ürək masajı etmək olmaz. Ümumiyyətlə, bu zaman ancaq reanimasion tədbirlər görülməlidir”.

Klinikadan bildirildi ki, hadisədən 10 dəqiqə keçməmiş olay yerinə həmin şəxsin həyat yoldaşı gəlib:

“Məlum oldu ki, kişi ürək xəstəsidir, həkimə getmək üçün evdən çıxıb, bizim klinikanın qarşısında isə infarkt keçirib. Hadisədən əvvəl özünü narahat hiss etdiyi üçün yoldaşı ilə əlaqə saxlayıb. Biz ona lazım olan bütün yardımı göstərdik, lakin xəstə artıq keçinmişdi. Küçədə dünyasını dəyişən şəxsi isə yalnız təcili yardım götürə bilər. Ona görə təcili yardımla əlaqə saxladıq. Lakin dünən Sumqayıt-Bakı yolunda güclü tıxac olduğuna görə onlar da gec gəldilər. Artıq bizim xəstəyə edə biləcəyimiz heç bir kömək qalmamışdı. Əməkdaşlarımızdan biri təcili yardım gələnə qədər orda olub. Görüntülər hadisə baş verəndən bir saat sonra çəkilib”.