"Oktayın ağ ciyərində, qanında infeksiya olduğuna görə aintibiotiklər vurulurdu"-Firuzə Gülalıyeva


Hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində yaxşıya doğru dəyişiklik yoxdur, vəziyyəti ağır olaraq qalır.

7gun.org Turan.az-a istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı Firuzə Gülalıyeva bildirib.

"Oktayın ağ ciyərində, qanında infeksiya olduğuna görə aintibiotiklər vurulurdu.  Qaraciyərində problem yarandığı üçün dekabrın 4-dən antibiotik vurulması dayandırılıb. Dekabrın 4-də qanından yenə nümunə götürülərək yoxlamağa göndərilib və qarşıdakı 4 gün ərzində analizlərin cavabı məlum olacaq. Ağ ciyərində, qanında isə infeksiya qalmaqda davam edir", deyə həyat yoldaşı bildirib.

Xatırladaq ki, hüquq müdafiəçisini oktyabrın 29-da Bakının mərkəzində maşın vurub. O, kəllə-beyin travması alıb, nəticədə beyninə qan sızıb. Bir neçə saat sonra fəal komaya düşüb. Oktyabrın 30-da Bakıda o, neyrocərrahi əməliyyat edilib.

Noyabrın 5-də Heydər Əliyev Fondunun dəvəti ilə gələn türk mütəxəssislər Gülalıyevi Türkiyəyə aparmağı tövsiyə ediblər. Noyabrın 6-da o, AZAL şirkətinin xüsusi reysi ilə İstanbula göndərilib və "Avrasiya" klinikasına yerləşdirilib. Noyabrın 19-da o, "Amerika xəstəxanası"na köçürülüb, növbəti gün burada yenidən neyrocərrahi əməliyyat olunub, başından maye çəkilib.

Müalicə ilə bağlı bütün xərcləri Heydər Əliyev Fondu öz üzərinə götürüb.