Jurnalistin həyat yoldaşı: "Səhhəti ağırdır"


Həbsdə olan jurnalist Fikrət Fərəməzoğlunun (İbişbəyli) səhhəti ağırlaşıb.

7gun.org Arqument.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistin həyat yoldaşı Faiqə Nosrəti məlumat yayıb.

O bildirib ki, jurnalist nevroz və təzyiqdən əziyyət çəkir: "Bir müddətdir ki, ürəyində kəskin ağrılar başlasa da, Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülmür. Həkimin təyin etdiyi dərmanları da almışıq. Amma xəstəxanaya köçürülməsi vacibdir".

Jurnalistin həyat yoldaşı ictimaiyyət nümayəndələrini bu məsələni diqqətdə saxlamağa çağırıb.

Fikrət Fərəməzoğlu Cinayət Məcəlləsinin 182-ci maddəsiylə ittiham olunub. O, müxtəlif restoran, iaşə obyektlərinin sahiblərindən hədə-qorxu ilə pul tələb etməkdə suçlanıb. Amma jurnalist ittihamı qəbul etməyib.

O bildirib ki, «restoran», «masaj salonu» adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvalarını ifşa etdiyinə görə sifarişlə həbs olunduğunu bildirir.

Onun deməsinə görə, həmin yerləri yüksək vəzifəli şəxslər himayə edir.

2017-ci ilin iyunun 14-də jurnalist 7 il azadlıqdan məhrum edilib.

F.Fərəməzoğlu 10 il öncə də cinayət məsuliyyətinə cəlb edilib.

Həmin vaxt daxili işlər naziri Ramil Usubov ona böhtan atıldığı iddiası ilə jurnalisti məhkəməyə vermişdi.

Nəticədə jurnalistə bir il şərti həbs cəzası kəsilmişdi. arqument.az