Çexiyada Gülalıyevin oğlunu hədələyirlər
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Əligülşad Gülalıyev 2013-cü ildə saxta ittiham əsasında cinayət işi üzrə həbs edilib.Şərti cəza başa çatdıqdan sonra onu dəfələrlə polisə çağırıblar və yeni təqiblərlə hədələyiblər. Gənc Gürcüstana, oradan isə Avropaya qaçmaq məcburiyyətində qalıb.
2018-ci il oktyabrın 10-da o, Almaniyadan Çexiya Respublikasının Xavirov şəhərinə deportasiya olunub. "Bir müddət burada yaşadıqdan sonra anladım ki, Azərbaycan hökumətinin adamları məni izləyir", deyə onun 24 may tarixli bəyanatında bildirilir.
O, ilk dəfə mayın 7-də iki nəfər tərəfindən izləndiyini hiss edib. İki gün sonra o, yenə həmin oğlanların onun ardınca düşərgədən şəhərin mərkəzinə getdiklərini görüb.
"Onlardan birinin Tbilisidə məni fəal şəkildə izləyən şəxs olduğunu tanıdım.
2017-ci il mayın 26-da o, Tbilisidə mənə hücum etdi, amma xoşbəxtlikdən qaçmağa müvəffəq oldum", deyə Gülalıyev qeyd edir. O, üç gün sonra jurnalist Əfqan Muxtarlının Tbilisidə oğurlandığını xatırladır.
"2018-ci il mayın 10-da polis departamentinə getdim və izləndiyimi bildirdim.
Təəssüf ki, polis təhlükəni ciddi hesab etməyib. Uzun danışıqlardün sonra polis mənə heç bir zəmanət vermədi. Hazırda öz həyatıma görə ciddi narahatam", deyə Gülalıyev bildirir.
Daha sonra o qeyd edir ki, atası Oqtay Gülalıyev aprelin 16-da siyasi mühacirlərin və onların Azərbaycandakı qohumlarının təqibi haqqında "Avropa dosyesi" hesabatının anonsunu verib. Bundan sonra onu söhbət üçün DİN-ə çağırıblar və bildiriblər ki, məruzəni dərc etsə Çexiyada oğlunun problemləri olacaq. Zabit həmçinin xəbərdarlıq edib ki, hüquq müdafiəçisinin oğlunu Ə.Muxtarlı kimi Azərbaycana gətirə bilərlər. "Bütün bu təhdidlərə baxmayaraq, atam məruzəni dərc edib. Bundan sonra başlayan proseslər Azərbaycan hakimiyyətinin öz təhdidlərini həyata keçirməyi planlaşdırdığını sübut edir", deyə Ə.Gülalıyev bildirib. Turan.az