Hüquq müdafiəçisi həyəcan təbili çalır


“Bu hakimiyyət bütün qırmızı xətləri keçməkdə davam edir. Elçibəy hakimiyyətinin icra başçısı işləmiş, ermənilərə qarşı mərdi- mərdanə vuruşmuş, torpaqlarımızı qorumuş Saleh Rüstəmov 14 gündür ki, oğurlanaraq həbs olunub. Onun hansı vəziyyətdə, harda saxlandığı bəlli deyil. Vəkili ilə görüşməsinə, ailə üzvləri ilə əlaqə saxlamasına imkan verilmir. Bizdə olan məlumata görə onu “bandotdel”- də saxlayırlar. Müxalifəti maliyələşdirmək, ölkədə xaos, qarşıdurma yaratmağa dair ifadə almaq üçün işgəncə verirlər”.

Bunları hüquq müdafiəçisi Oqtay Gülalıyev feysbuk üzərindən ictimaiyyətə çağırışında yazıb. O.Gülalıyev cəmiyyətin diqqətini keçmiş icra başçısı ilə qardaşı oğlu Vidadi Rüstəmovun qanunsuz həbsi və talelərinin qeyri-müəyyənliyinə, eləcə də siyasi məhbuslardan Mirfeyzulla Seyidov və Elnur Fərəcovun xəstəlikləri ucbatından həyatlarının təhlükədə olmasına cəlb edir.

Mayın 21-də həm Rüstəmovların, həm də Mirfeyzulla Seyidovun barələrində seçilmiş həbs-qətimkan tədbirindən apelliyasiya şikayətlərinə baxılıb. Şikayətlərin heç biri təmin edilməyib.

Rüstəmovların məhkəməsinə onların özləri gətirilməyib. Bildirilib ki, guya onların özləri məhkəməyə gəlməkdən imtina edib, 1-ci instansiya məhkəməsinin qərarından razıdırlar.

Hüquq müdafiəçisi isə hesab edir ki, bütün bunlar təhdid və işgəncə altında olub. “Heç kim apelliyasiya şikayətindən imtina edib həbsdə qalmaq istəməz. Saleh Rüstəmovun qardaşı oğlu Vidadi Rüstəmovla da bağlı vəziyyət daha acınacaqlıdır. Vidadi Rüstəmliyə vəkildən imtina ərizəsi də yazdırıblar və o “xahiş edib” ki, onun hüquqlarını hökümətin təyin etdiyi vəkil “qorusun”, – deyə O.Gülalıyev yazır.

Hüquq müdafiəçisi qeyd edir ki, son hadisələr hakimiyyətin bütün “qırmızı xətləri” keçməsidir.

“Dializ xəstəsi Mirfeyzulla bəylə bağlı Apellyasiya şikayətini rədd etdilər. Xərçəng xəstəsi olan siyasi məhbus Elnur Fərəcovu həbsdən buraxmaq istəmirlər. Çantasına pul qoyub həbs etdirdikləri, səhhətində ciddi problemlər olan Gözəl Bayramlını həbsdə saxlamaqdan ləzzət alırlar. Fərqində deyillər ki, özlərini tükədir, biabır edirlər.

Dostlar, gəlin 14 gündür oğurlanıb ağır işgəncələrə məruz qalan, bütün hüquqları tapdalanan Saleh və Vidadi Rüstəmovu, xərçəng xəstəsi Elnur Fərəcovu, dializ xəstəsi Mirfeyzulla bəyi daha gur səslə müdafiə edək. Qaranlıqlar işığa məğlub olduğu kimi, zalımlar və zülmlər də haqqa və mübarizəyə məğlubdur…”,- deyə O.Gülalıyev yazıb. Azadliq.info