Sergey Lavrov XİN Şurasının toplantısının keçirilməsilə əlaqədar Bakıya gəlir


Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın 13-14-də Bakıda olacaq. O, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının toplantısının keçirilməsilə əlaqədar gəlir. Bu barədə RF XİN mətbuat xidmətinin məlumatında deyilir.

Rusiyalı nazir Azərbaycan prezidenti İlham Əliyev, XİN rəhbəri Elmar Məmmədyarov ilə görüşəcək.

Tərəflər qarşılıqlı fəaliyyətin əsas aspektlərini, regional və beynəlxalq gündəmi müzakirə edəcəklər, məlumatda bildirilir.

"Rusiya və Azərbaycan strateji tərəfdaşlıq münasibətlərini hüquq bərabərliyi, mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri üzərində qurur. Ticarət-iqtisadi və regionlararası əməkdaşlıq fəal inkişaf edir. Humanitar sahə Rusiya-Azərbaycan əməkdaşlığının mühüm tərkib hissəsi olaraq qalır.

Rusiya ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması məqsədilə fəal iş aparır.

Qarşıdakı görüşlər ölkələrimizin maraqları çərçivəsində Rusiya-Azərbaycan konstruktiv siyasi dialoqunun inkişafı xəttinin davamıdır", - məlumatda qeyd olunub.