Angela Merkelin səfər proqramı
Almaniya kansleri Angela Merkelin Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə danışıqları avqustun 25-də başlayacaq.AFR-dəki mənbənin Turan agentliyinə verdiyi məlumata görə, iki ölkə liderinin danışıqları, birgə mətbuat konfransı və nahar saat 10:15-dən 13:10-a qədər davam edəcək.
Daha sonra Merkel 1990-cı ilin yanvarında Sovet qoşunlarının çıxarılması zamanı həlak olanların və Qarabağ müharibəsi iştirakçılarının dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edəcək.
Saat 14:10-dan 15:00-a qədər Merkel işgüzar dairələrin nümayəndələrinin iştirakı ilə keçiriləcək iqtisadi məsələlərə dair dəyirmi masada iştirak edəcək, tədbir başa çatdıqdan sonra Berlinə yola düşəcək.
Mənbənin məlumatına görə, Merkel Bakıda ikitərəfli iqtisadi əlaqələrin inkişafı və Azərbaycan və Aİ arasında əlaqələrin inkişafı məsələlərini müzakirə etmək niyyətindədir.
İnsan hüquqları mövzusuna gəlincə, Merkel ənənəvi olaraq xarici tərəfdaşları ilə danışıqlarda insan hüquqları, demokratiya və qanunun aliliyi məsələlərinə toxunur, deyə Almaniya hökumətindəki mənbə qeyd edib və avqustun 12-də müxalifətçi İlqar Məmmədovun azad edilməsini "müsbət əlamət" adlandırıb.
Bundan başqa, Merkelin Bakıya səfəri zamanı Avropaya enerji resurslarının nəqli mənbələrinin şaxələndirilməsi kontekstində Cənub Qaz Dəhlizinin həyata keçirilməsi məsələləri diqqət mərkəzində olacaq.
Merkel həmçinin Qarabağ nizamlanması məsələsinə də toxunacaq. "Almaniya Aİ-dən olan tərəfdaşları ilə birlikdə ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar aparılmasını və Aİ-nin Cənubi Qafqazda xüsusi nümayəndəsinin bu danışıqda iştirakını dəstəkləyir.
Berlin Azərbaycanı və Ermənistanı bu münaqişənin dinc, razılaşdırılmış həlli yolunu tapmağa çağırır", deyə mənbə qeyd edib.
Xatırladaq ki, Angela Merkel avqustun 23-25-də Cənubi Qafqaz ölkələrinə turneyə gələcək.