Sergey Lavrov Qarabağın münaqişənin nizamlanması üzrə danışıqlarda iştirakı haqqında


Ermənistanda siyasi vəziyyət sabitləşmədən Dağlıq Qarabağda vəziyyətin nizamlanması üzrə ciddi şəkildə razılaşmaəldə etmək, çətin ki, mümkün olsun, RF XİN başçısı Sergey Lavrov belə hesab edir.

"Ermənistan baş naziri səlahiyyətlərini icra edən şəxs və Azərbaycan prezidenti arasında Düşənbə görüşündə əldə edilmiş razılaşma əlaqələri davam etdirməkdən, xarici işlər nazirlərinin görüşməsindən və əlbəttə ki, Ermənistanın da, Azərbaycanın da ATƏT-in Minsk Qrupu həmsədrləri ilə işləməyə hazır olmasından ibarət idi. Biz bu razılaşmanı alqışlayırıq", deyə Lavrov noyabrın 2-də Moskvada keçirilən mətbuat konfransında bildirib.

"Başa düşürük ki, hazırda müşahidə etdiyimiz kifayət qədər qızğın daxili siyasi proseslər yekunlaşmadan bu böhrandan konkret çıxış variantlarına ciddi şəkildə baxmaq və Dağlıq Qarabağ münaqişəsinin tam şəkildə nizamlanmasını təmin etmək, çətin ki, mümkün olsun", deyə o əlavə edib.

Lavrov danışıqlar formatının dəyişməsi ehtimalına şübhə ilə yanaşdığını bildirib. "Hazırki ikitərəfli formatı dəyişdirmək üçün hər iki tərəfin razılığı tələb olunur. Bildiyimiz qədər, belə bir razılıq yoxdur", deyə o, Dağlıq Qarabağın danışıqlara cəlb edilməsi mümkünlüyü barədə suala cavabda bildirib.

Bu məsələni münaqişə tərəfləri özləri həll etməlidir. "Vaxtilə Qarabağ nümayəndələri Bakı və Yerevanın danışıqlarında iştirak ediblər. Ermənistan rəhbərliyinin təklifi ilə bu təcrübə dəyişdirilib və uzun illərdir danışıqlar birbaşa yalnız Ermənistan və Azərbaycan arasında aparılır", deyə Lavrov qeyd edib.