Azərbaycan ordusu genişmiqyaslı təlimlərə başlayır
Azərbaycan ordusu sentyabrın 17-dən 22-nə qədər müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimlər keçirəcək.
Təlimlərə 20 mindən artıq şəxsi heyət, 200-dən çox tank və digər zirehli texnika, 120-dən çox müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 10-dək qırıcı və bombardmançı, 20-dək müxtəlif təyinatlı ordu aviasiyası cəlb olunacaq.
"Təlimlər zamanı eşelonlaşdırılmış düşmən müdafiəsinin tanklar vasitəsilə müxtəlif istiqamətlərdə yarılması, Qarabağ ərazisindəki Ermənistan hərbi qruplaşmalarının, eləcə də onun ön xətt qüvvələrinin darmadağın edilməsi, düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərin raket-artilleriya və aviasiya zərbələri ilə məhv edilərək ərazilərimizin azad edilməsi üzrə tapşırıqlar yerinə yetiriləcək.
Təlimlərdə həmçinin son illər ərzində Azərbaycan Ordusunun silahlanmasına qəbul edilmiş ən yeni hərbi texnika və silahlara şəxsi heyətin yiyələnmə vərdişləri yoxlanılacaq", deyə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Press-relizdə deyilir ki, təlimlər "Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş plana əsasən, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçirilir".
Press-relizdə konkret düşmənin - Ermənistanın adının çəkilməsi diqqət çəkir. Əvvəllər rəsmi məlumatlarda "şərti düşmən" terminindən, manevrlərin yerinə isə "döyüş şəraitinə maksimum yaxın şəraitdə" ifadəsindən istifadə olunurdu.
Ermənistanın adının çəkilməsi, çox güman ki, sentyabrın 12-də Ermənistanın "Azərbaycana müharibə elan edilməsi" ssenarisinin işlənməsi üzrə təlimlərə başlaması ilə bağlıdır.