Siyasi məhbus məsələsi Azərbaycan-Qərb münasibətlərindəki gərginlikdən xəbər verir
Azərbaycanda siyasi məhbus problemi kifayət qədər ciddidir. Hüquq müdafiəçilərinin tərtib etdiyi vahid siyahıya əsasən ölkədə 150-dən çox siyasi məhbus var. Bu hal 25 ildən çoxdur ki, mütəmadi mövcud olsa da son illər daha da qabarıq görünür.Təqsirsiz insanların müxtəlif qondarma ittihamlarla həbs olunması adi hala çevrilib. Ölkədə ədalətli hüquqi mühakimə mümkünsüz olub. Müvəqqəti saxlama kameralarında təqsirləndirilən şəxslərə ağır işgəncələrin verilməsi, məhkəmələrin siyasi sifarişlə qərar çıxarması, habelə, bu kimi qanunsuzluqlara etiraz edən vəkillərin cəzalandırılması cəmiyyətdə ağır hüquq böhranından xəbər verir.
Avropa Şurası ilə Azərbaycan hökuməti arasında siyasi məhbus məsələlərinə görə dəfələrlə kommunikasiya yaranıb. Müxtəlif vaxtlarda siyasi məhbus məsələləri üzrə məruzəçilər təyin edilib və hesabatlar hazırlanıb. Hətta bu hesabatlarda irəli sürülən bir sıra tövsiyələr çox zaman nəzərə alınıb və yüzlərlə siyasi məhbus azad edilib. Ancaq ümumi halda ölkədə siyasi məhbus problemi nəinki öz həllini tapıb, əksinə, öncəki illərlə müqayisədə daha da ağırlaşıb.
Azərbaycan hökuməti 25 ildən çoxdur ki, ölkədə siyasi motivli həbslər həyata keçirsə də beynəlxalq qurumları ölkədə siyasi məhbus problemi olmamasına inandırmaq istəyir. Hökumət nümayəndələri iddia edirlər ki, Azərbaycanda ayrı-ayrı cinayət əməllərinə görə həbs edilmiş şəxslər var və onları siyasi məhbus hesab etmir. Bu istiqamətdə beynəlxalq qurumları da müxtəlif vasitələrlə susdurmağa cəhdlər edilir. Hətta Azərbaycanın Avropa Şurası üzvlüyündən çıxacağı ilə bağlı hədələri də səsləndirməkdən çəkinmir.
Avropa Şurası bu il aprelin 22-də korrupsiya iddiaları ilə bağlı 10 aydan artıq davam edən istintaqın nəticələrini açıqlamışdı. Həmin vaxt açıqlanmış 219 səhifəlik hesabatda iddia olunurdu ki, AŞ-nin bəzi üzvləri Azərbaycana münasibətdə etika qaydalarının pozulması hallarına yol verib.
Hətta 2013-cü ildə AŞPA-nın almaniyalı deputatı Kristof Ştrasserin hazırladığı "Azərbaycanda siyasi məhbuslarla bağlı hesabat"ın AŞPA-nın sessiyasında qəbul edilməməsi də müşahidəçilər tərəfindən təsadüfi sayılmayıb. Avropalı deputatların ələ alınması, rüşvət və korrupsiya iddiaları, "kürü diplomatiyası" kimi məsələlərdə Azərbaycan nümayəndə heyəti üzvlərinin adları dəfələrlə hallanıb.
Ölkədə siyasi, söz, ifadə azadlıqlarının durumu çox ağırdır. Azərbaycanın adı bütün nüfuzlu hesabatlarda qeyri-azad ölkə kimi çəkilir. Hökumət iqtisadi-siyasi azadlıqlar istiqamətində islahatlar apararsa, siyasi dayaqlarını tamamilə itirəcəyindən narahatdır. Siyasi məhbusları azad edəcəyi təqdirdə cəmiyyətdə siyasi fəallığın yüksələcəyindən, demokratik proseslərin başlayacağından ehtiyat edir.
Ölkəmizdə siyasi məhbus probleminin yenidən gündəmə gətirilməsində nüfuzlu beynəlxalq insan hüquqları təşkilatlarının davamlı çağırışları, hesabatları mühüm pol oynayır. Təsadüfi deyil ki, hələ 2 ay əvvəl AŞPA-nın 24 deputatı Azərbaycana siyasi məhbuslar üzrə yeni məruzəçinin təyin olunması və hesabatın hazırlanmasını təklif etmişdilər.
Nəhayət, Avropa Şurasının Hüquq və insan haqları komitəsinin qərarına əsasən İslandiyadan olan deputat Thorhild Sunna Evarsdottir "Azərbaycandakı siyasi məhbuslar" adlı hesabat hazırlamaq üçün məruzəçi təyin edilib.
Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında Azərbaycanda siyasi məhbuslar üzrə hesabatın hazırlanması üzrə məruzəçinin təyin edilməsi özlüyündə çox müsbət haldır. Bu prosedur siyasi məhbus probleminə ciddi çözüm gətirməsə də beynəlxalq diqqəti artırmaq baxımından əhəmiyyətli hesab edilir.
İnsan hüquq və azadlıqlarına hörmət göstərməsi baxımından bu addımın hökumət qurumlarına psixoloji təsirlərini istisna etmək olmaz. Azərbaycan hökuməti siyasi məhbus məsələsində beynəlxalq təzyiqləri, habelə, Avropa İnsan Haqları Məhkəməsinin bir sıra tövsiyələrini hələlik nəzərə almasa da bütövlükdə bu faktların qarşısında gec-tez addım atmalı olacaq.
Azərbaycanda siyasi məhbus probleminin tam həll olunması üçün bütün nüfuzlu beynəlxalq təşkilatlar ciddi səy göstərməlidir. Son proseslər göstərir ki, siyasi məhbusların işi üzrə ssenari bu istiqamətdə davam edir. Və bu, Azərbaycanda sosial-siyasi münasibətlərin hakimiyyət üçün mürəkkəb böhran dövrünə keçdiyi zamanda baş verir.