"AŞPA-nın üzv ölkələri arasında barışıq komissiyaları yaradılmalıdır"-Səməd Seyidov
"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) komissiyalarının tərkibində dəyişiklik edilməlidir".7gun.org “Report”-a istinadən xəbər verir ki, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov “Assambleyanın hakimiyyət və səsverməyə dair qərarvermə səlahiyyətlərinin gücləndirilməsi“ məruzəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, Avropa Şurası dəyərlərini dəyişməlidir: "Bu gün məruzənin müzakirəsi zamanı fikir ayrılıqları müşahidə edirik. Bu baxımdan gələcəyimiz, bundan sonra yürüdəcəyimiz siyasətimiz üzərində dərindən düşünməliyik. Qanunvericiliyimizi dəşiymək çıxış yolu deyil, Avropa Şurası dəyərlərini dəyişməlidir. Tolerantlıq hörmətlə əvəz edilməlidir. Avropa Şurasına üzv dövlətlər bir-birilərinə daha çox hörmət etməyə çalışmalıdırlar. Biz qanunvericiliyə dəyişikliklə kifayətlənməməliyik. AŞPA-nın komissiyalarında, komissiyalarının tərkiblərində dəyişiklik edilməlidir. AŞPA-da üzv ölkələr arasında barışıq komissiyalarının yaradılmasına ehtiyac var. Çünki üzv dövlətlər yığışıb müzakirələr aparır, lakin bir sıra üzv dövlətlər, habelə Ukrayna, Gürcüstan, Moldova digər üzv dövlətlə mübahisəli məsələsini həll etməyə nail olmayıb. Eyni zamanda Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki münaqişə həll olunmamış qalıb".