Avropa Məhkəməsi Azərbaycan hökumətinə suallar göndərib
Avropa Məhkəməsi daha 10 şikayətlə bağlı Azərbaycan hökumətinə suallar göndərib.
7gun.org xəbər verir ki, bu barədə Media hüququ üzrə ekspert Xalid Ağaliyev öz feysbuk səhifəsində yazıb. Onun sözlərinə görə, şikayətçilər arasında tanınmışlar da var.
"Avropa Məhkəməsi bu payızı gözəl ölkəmizə həsr edib, deyəsən. Məhkəmə təkcə sentyabr-oktyabrda Azərbaycandan göndərilən 66 şikayətin araşdırılmasına başlayıb.
Son olaraq daha 10 şikayətlə bağlı hökumətimizə suallar göndərilib. Şikayətçilər arasında tanınmışlar var.
Məsələn, 2011-ci ildə həbs edilmiş hüquq müdafiəçisi Vidadi İsgəndərov qanunsuz həbs edilməsindən, saxlanılma şəraitindən şikayət edib. Diabet xəstəsi olan V.İsgəndərli şikayətində 2 nəfərlik kamerada 7 nəfərlə birgə saxlanmasından şikayət edib.
Nardaran olaylarına görə həbs edilmiş Zülfüqar Mikayılov, Elman Ağayev məhkəməyəqədər həbsin qanunsuzluğundan, məhkəmə zamanı metal qəfəsdə tutulmalarından şikayət ediblər.
Prezident administrasiyasının işlər idarəsinin rəhbəri olmuş Akif Muradverdiyev şikayəti araşdırılanlardandır. O, həbsinin, evində axtarış aparılmasının qanunsuzluğundan, vəkilsiz sorğu-sual edilməsindən şikayətçidir.
Mənsur Heydərzadə polisdə 48 saatdan artıq saxlanılmasından, Vüqar Əliyev Nərimanov polisində bir günə yaxın ac-susuz, havasız şəraitdə tutulmasından şikayət ediblər.
Meydan TV-nin rəhbəri Emin Millinin qohumu Nazim Agabəyovun şikayətdində də məhkəməyəqədər həbsin qanunsuzluğu mübahisələndirilib.
Daşqın Mikayılov, Tural Səfərov, Məhəmməd Bağırov, Vüqar Əliyevun şikayətlərində də eyni məzmunlu pozuntulara məruz qaldıqları iddia olunur. Avropa Məhkəməsi hökumətə Avropa Konvensiyasının 3-cü (Işgəncələrin yolverilməzliyi), 5-ci (Azadlıq və toxunulmazlıq hüququ), 6-cı (Ədalətli məhkəmə araşdırması), 8-ci (Şəxsi həyata hörmət) maddələri üzrə aydınlaşdırıcı suallar göndərib" - deyə X.Ağaliyev qeyd edib.