"Bu çox önəmli qərardır"-Ələsgər Məmmədli


Avropa Məhkəməsi Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri, insan haqları üzrə vəkil İntiqam Əliyevin işi üzrə qərarını elan edib.

7gun.org xəbər verir ki, bu barədə vəkil Fariz Namazlı sentyabrın 20-də məlumat yayıb.

Qərara görə, məhkəmə Konvensiyanın 3 (9-12 avqust 2014-də saxlanma şəraiti), 5.1, 5.4 (azadlıq hüququ), 8 (şəxsi həyata müdaxilə), 18 (hüquq pozuntusunun siyasi məqsədlər üçün həyata keçirilməsi) maddələrinin pozuntusunu tanıyıb.

Mənəvi zərərə görə 20000, məhkəmə məsrəflərinə görə 6150 avro kompensasiya müəyyən edilib.

"Bu çox önəmli qərardır, İndi bu dörd maddə üzrə əməlləri edənlərin də bədəl ödəməsi zəruridir. İntiqam müəllim həyatını hüquq maarfiçiliyinə həsr etdiyi halda hüququ rəsmi təmsil edənlər hüququ keflərinə alət etdiklərinə görə bu qərarla tarixin qara zibil qutusundakı yerlərini alacaqlar" - Bunları qərara münasibət bildirərkən hüquqşünas Ələsgər Məmmədli deyib.

Ə.Məmmədli bildirib ki, gələcək nəsillərin hüquq fakültəsi tələbələri Konvensional hüquqların tədrisində bir qərarla 4 maddənin əhatəsini görəcək. Hüquqşünas qeyd edİb ki, xüsusilə 18-ci maddə ibrətamiz məsələdir.

İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunub.

Hüquq müdafiəçisi 2015-ci ilin aprelində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Bakı Apelyasiya Məhkəməsi və Ali Məhkəmə də bu hökmü qüvvədə saxlayıb.

Amma Ali Məhkəmənin bu qərarından cəmi bir ay sonra – 2016-cı ilin martında Baş Prokuror Zakir Qaralov Ali Məhkəməyə əlavə kassasiya qaydasında protest verib və onun əsasında Ali Məhkəmənin Plenumu işə yenidən baxaraq, martın 28-də İntiqam Əliyevin beş il sınaq müddəti olmaqla, şərti azadlığa buraxılmasına qərar verib.