Aslan İsmayılovun işi üzrə hökm çıxarılması təxirə salınıb
Hüqüqşünas Aslan İsmayılovun işi üzrə Səbayel Rayon Məhkəməsində iyunun 29-na təyin edilən məhkəmə prosesi təxirə salınıb.7gun.org xəbər verir ki, bu barədə məhkəmədən bildiriblər.
Hakimin başqa bir tədbirdə iştirakı səbəbindən iş üzrə hökmün elan edilməsinin təxirə salındığı bildirilib.
Xatırladaq ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Vəkillər Kollegiyasının keçmiş üzvü A.İsmayılovun həbs edilməsi, 100 min manat təzminat ödəməsi və ondan üzr istəməsini istəyir.
H.Hacıyev iddia edir ki, A.İsmayılov öz yazılarında "canlı" və "məxluq" kimi ifadələr işlətməklə, eləcə də vəzifəli şəxsləri şantaj edib pul aldığını yazmaqla ona böhtan atıb.
A.İsmayılovla Hafiz Hacıyev arasında sürən məhkəmə çəkişməsində birinciyə qarşı xüsusi ittiham qaydasında iddia qaldırılıb və H.Hacıyev vəkilin CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələriylə məsuliyyətə cəlb olunmasını tələb edib.
A.İsmayılov isə hər şeyə hazır olduğunu, amma H.Hacıyevdən üzr istəməyəcəyini bildirib.