Məhkəmə AXCP fəalını vaxtından əvvəl şərti azadlığa buraxmayıb
Sentyabrın 5-də Nərimanov Rayon Məhkəməsi AXCP fəalı Murad Adilovun cəzasının üçdə bir hissəsini çəkməsilə əlaqədar şərti olaraq azadlığa buraxılması barədə müraciətinə baxıb.
Məhkəmə 5 saylı koloniyanın təqdim etdiyi mənfi xasiyyətnamənin əsasında müraciəti təmin etməyib. Onun nəzərdə tutulmayan yerdə siqaret çəkdiyinə görə barəsində hökm çıxarılması ilə əlaqədar vaxtından əvvəl azad edilməsi mümkün hesab edilməyib. Bu barədə onun doğmaları bildiriblər.
M.Adilov bu qərardan apellyasiya şikayəti vermək niyyətindədir.
Xatırladaq ki, M.Adilov 2014-cü ilin avqustunda Sabirabadda qanunsuz narkotik maddənin dövriyyəsi ittihamı ilə həbs olunub. 2015-ci il mayın 14-də altı il həbs cəzası alıb.
O, hazırda xaricdə yaşayan AXCP mətbuat katibi, "Azadlıq" qəzetinin şərhçisi və "Azərbaycan saatı" peyk teleproqramının aparıcısı Natiq Adilovun qardaşıdır.
Hüquq müdafiəçilərinin fikrincə, M.Adilov Azərbaycan hakimiyyətini kəskin tənqid edən qardaşının jurnalist fəaliyyətinə görə təqib edilir.
Amnesty İnternational M.Adilovu "vicdan məhbusu" kimi tanıyıb.
Eyni zamanda N.Adilov digər beynəlxalq təşkilatların onun qardaşının azad edilməsi tələbilə bir dəfə də olsun çıxış etməməsindən təəccübləndiyini bildirib.
"Heç olmasa, bir dəstək məktubu da göndərməyiblər", - N.Adilov Facebook səhifəsində qeyd edib.
/Turan.az/