"Siyasi motivli məhkəmə təqibləri Azərbaycan məhkəmələrinin fərqləndirici xüsusiyyətinə çevrilib"-Amnesty İnternational


Avqustun 13-də Azərbaycan məhkəməsi müxalifətçi İlqar Məmmədovun qalan iki il həbs cəzasını şərti cəza ilə əvəzləyərək onun azadlığa buraxılması barədə qərar qəbul edib.

2014-cü ildə İ.Məmmədov kütləvi iğtişaşlara təhriketmə kimi saxta ittihamla 7 il azadlıqdan məhrum edilmişdi. Bu barədə Amnesty International hüquq-müdafiə təşkilatının məlumatında deyilir.

"Siyasi motivli məhkəmə təqibləri Azərbaycan məhkəmələrinin fərqləndirici xüsusiyyətinə çevrilib. İlqar Məmmədovun işi hökumət tənqidçilərinin üzləşdikləri ədalətsiz və amansız repressiyaların simvoluna çevrildi. Onlarla adam həbsdədir və ədalətli məhkəmə çəkişməsinə ümidlərini itiriblər", - Amnesty International-ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Strazers bildirib.

"Biz beş ildən çoxdur ki, İlqar Məmmədovun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırırıq. Avropa İnsan Hüquqları Məhkəməsi qərara aldı ki, o, azad edilməlidir. Lakin Bakı məcburi qüvvəyə malik olan bu qərara, eləcə də Avropa Şurasının bu qərarın yerinə yetirilməsi lə bağlı çağırışlarına məhəl qoymadı. Azərbaycan hakimiyyəti İlqar Məmmədovun barəsində hökmü tamamilə ləğv etməli, ona dəyən zərərin adekvat ödənilməsi (qanunsuz həbs olunmasına görə kompensasiya da daxil olmaqla) imkanlarını təmin etməlidir", - M.Strazers vurğulayıb.

İlqar Məmmədov 2013-cü il fevralında İsmayıllı hadisələri ilə əlaqədar kütləvi iğtişaşlara təhrik ittihamı ilə 7 il azadlıqdan məhrum edilmişdi.

2018-ci il avqustun 13-də Şəki Apellyasiya Məhkəməsi əvvəlki hökmə yenidən baxaraq qalan iki il həbs cəzasını şərti cəza ilə əvəzləyib.

Azərbaycan hakimiyyəti İlqar Məmmədovun azadlığa buraxılması barədə Avropa Şurasının bir neçə xahişinə məhəl qoymayıb, halbuki, Avropa İnsan Hüquqları Məhkəməsi müəyyən edib ki, müxalifətçi hər hansı sübut olmadan həbs edilib. 2017-ci il dekabrın 7-də Avropa Şurası Nazirlər Komitəsi Azərbaycana qarşı prosedura başlanması barədə qərar qəbul etmişdi. / Turan/