Oqtay Gülalıyev xarici diplomatlarla görüşüb
Bu barədə hüquq müdafiəçisi şəxsi feysbuk səhifəsində məlumat yayıb. 7gun.org həmin məlumatı təqdim edir :
"Almaniyanın ölkəmizdəki səfirliyinin birinci katibi Paul Amannın rəhbərliyi və iştirakı ilə səfirliyin bir qrup əməkdaşı ilə görüşdük. Görüşdə Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) tərəfindən hazırlanmış "Avropa işi" Hesabatının geniş müzakirəsi oldu. Hesabat səfirliyə 3 dildə- Azərbaycan türkcəsi, ingilis və alman dilllərində təqdim olunmuşdu. Fürsətdən istifadə edib sənədin tərcüməsində əməyi keçən hər kəsə təşəkkür edirəm.
Hesabatla bağlı maraqlı və ətraflı müzakirəmiz oldu. Səfirlik əməkdaşlarının suallarını cavablandırdım. Son illər ölkəmizdəki vəziyyətdən dolayı xeyli soydaşımızın xaricə üz tutduğunu, həmin şəxslərın bir çoxunun Almaniyada məskunlaşdığını, onların bu ölkədə əldə etdikləri uğurlar və qarşılaşdıqları problemlər barədə məlumatı xarici diplomatların diqqətinə çatdırdım. Bəzi siyasi mühacirlərin fəaliyyətindən dolayı onların özlərinin və ailə üzvlərinin məruz qaldığı təzyiqlər barədə danışdım. Qərara gəldik ki, bu barədə əldə etdiyimiz, topladığımız məlumatlar, hazırladığımız hesabatlar səfirliyə təqdim olunsun və bu istiqamətdə əməkdaşlığımız davamlı olsun.
Günün ikinci yarısı İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Filip Ştalderlə görüşdüm. Görüşdə əsas müzakirəmiz ölkəmizdə insan haqlarının mövcud durumu barədə oldu. Cənab səfir ölkəsinin insan haqlarına və demokratik dəyərlərə böyük önəm verdiyini bildirərək təmsil etdiyim Siyasi Məhbusları Müdafiə Mərkəzinin fəaliyyətini izlədiyini bildirdi. Qərarlaşdıq ki, görüşlərimiz və əməkdaşlığımız davamlı olsun.
Ölkəmizdə fəaliyyət göstərən beynəlxalq qurumlarla əlaqəmiz və görüşlərimiz davam edəcək. Bizi izləyən, fəaliyyətimizə önəm verən hər kəsə təşəkkür edirik!"