“Hökumət internet mediasını da digər medialar kimi mümkün olduğu qədər nəzarət altında saxlamaq istəyir”-Xalid Ağəliyev


Azərbaycanda internet mediasının tənzimlənməsi ilə bağlı ayrıca qanun qəbul edilə bilər.

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov oktyabrın 1-də keçirilən parlamentin iclasında deyib ki, internetin cəmiyyətə təsiri geniş və önəmlidir:

"Azərbaycanda bu istiqamətdə qanunlar var. Lakin internetin funksiya və vəzifələrini müəyyən edən ayrıca qanun qəbul olunmalıdır".

Ə. Amaşov bildirib ki, internet medianın hüququ əsasları qanunla tənzimlənməlidir.

Onun sözlərinə görə, bu, həm onların fəaliyyəti, həm də onlayn medianın maliyyələşdirilməsinə yardım edə bilər.

"Əflatun Amaşovun Milli Məclisdə dedikləri hakimiyyətin istəyidir”

"Azadlıq" qəzetinin redaktoru Rövşən Hacıbəyli Toplum.tv-yə açıqlamasında deyib ki, Azərbaycanın media məkanı, demək olar, bütünlüklə hakimiyyətin nəzarəti altındadır: "Hakimiyyət buna zaman-zaman atdığı qanunsuz addımlarla nail olub. Müstəqil mətbuat ya zor gücünə, ya da ələ almaq, qeyri-rəsmi maliyyələşmə yolu ilə müstəqilliyini itirib. Bu gün Azərbaycan oxucusunun gündəlik almaq və oxumaq istədiyi qəzet yoxdur. Başlıca xəbəri İlham Əliyevin sərəncamı, ya da hansısa görüşü barədə olan qəzet oxucuya gərək deyil, o xəbərləri bütünlüklə hakimiyyətin nəzarəti altında olan TV-lər tamaşaçıya gündə bir neçə yol çatdırır, həm də pulsuz. Oxucu maraqlandığı xəbəri bu gün yalnız internet vasitəsilə ala bilər. Bu isə hakimiyyətin hələ nəzarəti ələ ala bilmədiyi platformadır. Narahatlıqları yersiz deyil...

Mətbuat Şurası adlı ictimai birliyin sədri Əflatun Amaşovun Milli Məclisdə dedikləri hakimiyyətin istəyidir. Həm də deputat olan Ə.Amaşov burada hakimiyyətin sözçüsü rolunda çıxış edib. Amaşov da yaxşı bilir ki, vəzifə başında olanların heç biri qanunlarımıza tüpürmək belə istəmir. Deputat kimi göndərdiyi sorğularına cavab almayanda nələr yaşadığını xatırlaması yetər”.

"Keçilmiş yoldur, həm də dəfələrlə...”

Rövşən Hacıbəyli yaxın tarixə nəzər salmağı məsləhət bilir: "2017-ci ildə heç bir qanun tanımadan, məhkəmə qərarı olmadan "Azadlıq"(qəzet və radio), MeydanTV və başqa bəzi saytlar bloklandı; Əflatun Amaşovun bu gün üz tutduğu "hüquqi əsas" olmadan. Mətbuat Şurasının sədri maliyyələşmə adıyla kimlərisə şirnikləndirmək istəyir. Keçilmiş yoldur, həm də dəfələrlə...

Demokratik mühit, hakimiyyətin müdaxilələri olmasa, saytlar həm normal fəaliyyət göstərər, həm də maliyyə problemlərini həll edər. Sən reklam bazarını bütünlüklə monopoliyada saxla, hətta kiçik reklamların belə bu saytlara yol tapmasına imkan vermə, yol taparsa, reklamçını cəzalandır, bu halda hansı media orqanı normal fəaliyyət göstərə bilər?! Burada məqsəd internet resurslarına müdaxiləni qanuniləşdirmək, onları cəzalandırmaq üçün hüquq mexanizmi əldə etməkdir. Bunun isə mediaya faydası yox, yalnız ziyanı ola bilər. Çünki qarşımızda "gözü çıxmış qardaş”, Azərbaycanın çap mediası var. Bu gün o medianın öndə gedənləri hakimiyyətdən Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu vasitəsilə ildə 120 min manat pul alır(qrant şəklində), heç nə yazmamaq üçün. Düzdür, bəzi internet mediası Əflatun müəllimin indi təklif etdiyi maliyyəni artıq neçə ildir qeyri-rəsmi alır. Görünür, bunu rəsmiləşdirmək zamanı gəlib və təklif vermək bu dəfə Mətbuat Şurası sədrinə tapşırılıb".

"Təklifdə hansısa məhdudiyyətin nəzərdə tutulduğunu düşünmürəm”

Mətbuat Şurası İdarə Heyətinin üzvü Yadigar Məmmədli isə bildirib ki, bütün dünya mediasında, beynəlxalq tədbirlərdə sosial şəbəkələr, online media ilə bağlı müzakirələr hər zaman diqqət mərkəzindədir: "Son zamanlar Amerika, Fransa kimi ölkələrdə də yalan xəbərlərlə bağlı ciddi narahatlıq var. Bu baxımdan, bəlkə biz də dünyada gedən bu axına uyğun davam etməliyik. Bu qərarda nə nəzərdə tutulubsa, tövsiyə ediləcəksə, onlara diqqət etmək lazımdır. Əflatun müəllimin təklifində hansısa məhdudiyyətin nəzərdə tutulduğunu düşünmürəm. Burada hansısa nəzarətdən, senzuradan söhbət getmir və getməməlidir. Sadəcə bu sahədə düzənin yaranması, jurnalistikanın etik qaydalarının qorunması üçün belə bir qanuna ehtiyac ola bilər”.

"Hökumət internet mediasını mümkün olduğu qədər nəzarət altında saxlamaq istəyir”

Media hüququ üzrə ekspert Xalid Ağəliyev deyib ki, internet mediasının ayrıca qanunla tənzimlənməsi üçün hansısa xüsusi zərurət yarandığını düşünmür: "İnternet mediasını Azərbaycandakı digər medialardan - teleradio və çap mediasından fərqləndirən yeganə cəhəti onun daha sərbəst və azad olmasıdır. Teleradio və çap mediasından fərqli olaraq bu media cilovlanmayıb, yeni qanun təklifi də fikrimcə, elə bundan irəli gəlir. Hökumət internet mediasını da digər medialar kimi mümkün olduğu qədər nəzarət altında saxlamaq istəyir. Qanun, daha geniş tənzimləmə, bu istəyi reallaşdırmaq üçün vasitələrdən biridir.

Onlayn, internet medianın maliyyə qaynaqlarının olmaması qayğısı var. Ancaq bu qayğını ortadan qaldırmağın ən pis yolu hökumətin bu istiqamətə pul ayırmasıdır. Biz təcrübədən bunun hansı fəsadlar törətməsinin şahidi olmuşuq. Əvvəl hökumət teleradio mediasını maliyyə ilə təmin edib, özünə tabe etdirdi. Daha sonra isə çap mediası eyni vasitə ilə ram edildi. Bunu internet mediasının üzərində də sınaqdan keçirmək istəyirlər. Daha doğrusu, yaxşı olardı ki, hökumət azad bazar, reklam mühitinin yaradılması üçün gərəkli addımlar atsın və hər bir media layiq olduğunu özü qazansın”.