Avtobus və metroda sərnişinlərin daşınma qiymətlərinin artırması geniş tənqidlərə yol açıb


 Avtobus və metroda sərnişinlərin daşınma qiymətlərinin artırması  geniş tənqidlərə yol açıb


Tarif Şurasının avtobus və metroda sərnişinlərin daşınma qiymətlərini artırması sosial şəbəkələrdə geniş tənqidlərə yol açıb. Minlərlə sosial şəbəkə iştirakçısı hökumətin qərarını sərt tənqid edir.

Tarif Şurası dünənki iclasında metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifini 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifini 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edib.

Bundan öncə metro və avtobuslarda gediş haqqı 20 qəpik idi.

Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, metro və ictimai nəqliyyatda gediş haqlarının artması təkcə bu sahə ilə kifayətlənməyəcək, digər sahələrdə də sürətli bahalanmaya səbəb olacaq.

"Bu sahədə doğru-dürüst tənzimlənmə olsa idi bu qədər bahalaşdırmaya, vətəndaşları indiki halda çətin duruma salmağa ehtiyac da qalmazdı. Məsələ budur ki, bu bahalanma insanların həyat şəraitinə ciddi təsir göstərəcək. Özü də indi, gəlirlərin artmadığı bir vaxtda və hələ ki artmasının da gözlənilmədiyi halda bunun nəticələri pis ola bilər. Bu bahalanmanın digər sahələrdə də özünü göstərəcəyi şübhəsizdir", - deputat deyib.

İqtisadşı-ekspert Natiq Cəfərli xatırladıb ki, ictimai nəqliyyatda və metroda qiymət artımı olacağı gözlənilən idi və haqqında çoxdan danışılan bu artım baş verib: "Uzun müddətdir ki, metronun dövlət dotasiyasında olması, bir şərnişinin daşınmasının 50-55 qəpiyə başa gəlməsi barədə danışılırdı. "Metropoliten rəhbərliyinin bir sərnişinin daşınmasının 50-55 qəpiyə baş gəlməsini necə hesablaması müəmmalıdır".

Eskpertə görə, burada ilk növbədə zərbə büdcə təşkilatlarında aşağı maaşlılara, aztəminatlı təbəqəyə dəyir, bu, gündəlik azı 40 qəpik, aylıq isə 10-12 manat əlavə xərc deməkdir.

Bu bahalanmanın əhatə edəcəyi digər sahələrə gəlincə, N.Cəfərli deyib ki, bahalanma kommunal sahəsində, dizel yanacağının qiymətində özünü göstərəcək.

Ekspert habelə elektrik enerjisinin bahalaşacağını da istisna etmir.

"Bu il iyulun 3-də Mingəçevir İES-də baş verən qəzadan sonra sahənin modernləşdirilməsi üçün 5-6 milyard manatın lazım olması haqda söhbətlər gedirdi. Elə həmin o səhbətlər belə bahalanmaya hesablanıb. Görünür, hökumət bu məbləğin müəyyən hissəsini ya xalqın cibindən, ya belindən çıxarmaq istəyir", - o qeyd edib.

İqtisad elmləri doktoru Qubad İbadoğlu yazır ki, Tarif Şurası çoxdan gözlənilən qərara imza atıb.

"Həqiqətən də Azərbaycanda ictimai nəqliyyatda mövcud qiymətlər digər ölkələrlə müqayisədə aşağıdır. Amma əhalisinin üçdə birinin yaşadığı Bakı şəhər sakinlərinin əsas nəqliyyat vasitəsi olan metroda gediş qiymətində tarifin 50 faiz bahalaşması ilk növbədə inflyasiyaya artırıcı təsir göstərəcək. Çünki metroda gediş haqqı inflyasiyanın hesablanması üçün istifadə edilən istehlak səbətində 5-ci xüsusi çəkiyə malik xidmət hesab edilir.

İctimai nəqliyyatda gediş haqlarının bahalaşması eyni zamanda taksidə də gediş haqlarının artımını şərtləndirəcək. Hesab edirəm ki, 30 qəpik gediş haqqı keçid xarakteri daşıyacaq. Bir müddətdən sonra 10 qəpik çatışmazlığı bəhanəsi ilə qiymətlər 40 qəpiyə yüksələcək. Bununla yanaşı bu, digər sahələrdə gözlənilən qiymət artımlarının reallaşmasını sürətləndirəcək. Çox güman ki, kənd təsərrüfatı mövsümü başa çatan kimi dizel yanacağının və mazutun da qiyməti bahalaşacaq.

Metroda və digər ictimai nəqliyyat vasitələrində gediş haqlarının qiymət artımının neqativ təsirlərini neytrallaşdırmaq üçün hökumət xüsusilə də aztəminatlı və ictimai nəqliyyatdan müntəzəm olaraq istifadə edənlərin xərclərinin tənzimlənməsi üçün qərarlar qəbul etməlidir.

Təklif edirəm ki, tələbələr üçün gediş haqları əvvəlki səviyyədə, yəni 20 qəpik olmasını təmin edən xüsusi güzəştli ödəniş kartları dövriyyəyə buraxılsın. Bununla yanaşı metroda və digər ictimai nəqliyyat vasitələrində istifadə etmək üçün aylıq, həftəlik, 3 günlük və 1 günlük ödəniş kartları güzəştli qiymətlərlə satışa çıxarılmalıdır", - ekspert qeyd edib.

Hüquqşünas Əlsəgər Məmmədli yazır ki, Tarif Şurası ölkə daxilində monopolist qiymət müəyyən edəndə yeganə nəzərə alınmayacaq parametr qonşu ölkələrdəki qiymətdir.

"Çünki həmin ölkələrdəki qiymət bizim ölkədəki daxili qiymətin formalaşmasında nə maya dəyərinə, nə də digər məsələlərə təsir etmir. Ayrıca utanmasınlar, bir də elan etsinlər ki, həmin ölkələrdə minimum əməkhaqqı, minimum pensiya nə qədərdir. Nəqliyyat xidməti haqlarını 50% artıranda qonşu ölkələrlə müqaisə edirlər, pensiyaları 1,5% artıranda qonşu ölkələr yada düşmür. Vətəndaşına qarşı bu qədər məsuliyyətsizlik olmaz. Elə ailə var ki, onun bir gündə evində 4-5 şəxs azı 2-3 marşrut dəyişərək işə, məktəbə, repititor yanına gedir. Bu, ortalama günə 5-6 manat, aya 150-180 manat deməkdir.

Xərcləri bir gecədə 50% artıran hökumət gəlirləri də gərək 50% artırsın.

Türkiyədə minimum əməkhaqqı 2018-ci ildə aylıq 2.029,50 TL müəyyən edilib. Yəni, bugünkü kursla 710 manat. Bu pulla Türkiyədə an aşağı (0,44 man) ictimai nəqliyyatdan 1601 dəfə istifadə etmək olar.

Azərbaycanda minimum əməkhaqqı 130 manatdır. Bu pulla cəmi 433 dəfə ictimai nəqliyyatdan istifadə etmək olar", - O, Facebook səhifəsində yazıb.

Milli Məclisin keçmiş deputatı, iqtisadçı Nazim Bəydəmirli yazır ki, qəribə tərəfi odur ki, avtobus nəqliyyatı özəl sektor ola-ola dövlət BakıBus adlı şirkət qurur, dövlət büdcəsi hesabına onun maddi-texniki bazasının yaradılmasına yüz milyonlarla vəsait xərcləyir və özünün yaratdığı "monopolist şirkət"in əli ilə Tarif Şurası vasitəsi ilə qiyməti artırır.

"Heç kəs yenə səbəbi müzakirə etməyəcək, nəticədən yazacaq. Həmişəki kimi rəqabət yoxdur, qiymət optimallaşmayacaq! Ölkədə iqtisadiyyat adında bir şey baş-ayaq qoyulub".

Maliyyə məsələləri üzrə ekspert Samir Əliyev hesab edir ki, bu qiymət artımı sonuncu olmayacaq, davamı gələcək.

"Növbə yanacağındır. İşığın qiymətinin artımını Mingəçevirdəki yanğın ertələdi, ancaq baş verəcək. Qaza da, suya da növbə çatacaq", -o Facebook səhifəsində qeyd edir.

İqtisadçı Qadir İbrahimli yazır ki, Azərbaycan hökuməti yenidən bahalaşma qərarı verib.

"Metro və avtobusda gediş haqqı 50 faiz bahalaşaraq 30 qəpik oldu. Tarif Şurasının arqumentləri sabun köpüyüdür - neftin bahalaşması və manatın sabitləşməsi fonunda bu arqumentlər kiçik bir tənqidə də dözmür. Hökumət yenidən kasıb təbəqənin cibinə əl qoydu!" , iqtisadçı Facebook səhifəsində qeyd edir.

Turan.az