"Prokurorluqda dindirmələr mənəvi işgəncəyə döndü"


İyulun 20-də bastainfo.com saytının baş redaktoru yenidən Bakı Prokurorluğunda dindirməyə çağırılıb. Burada o, üç saat saxlanılıb. Bundan sonra bu gün yenidən çağırılacağını bildirərək, onu buraxıblar.

"İyulun 9-dan məni, demək olar ki, hər gün saatlarla prokurorluqda dindirirlər. Dindirmə bastainfo.com saytında bir sıra nəşrlərlə bağlıdır.

Bu gün mənə 2 il əvvəlki, işlə əlaqəsi olmayan nəşrlərlə bağlı suallar veriblər. Faktiki olaraq, neçə gündür məni mənəvi təzyiq altında saxlayırlar. Cinayət işi ilə əlaqəsi olmayan suallar verirlər. Bunu mənəvi işgəncə kimi qiymətləndirirəm", deyə Hacıbəyli Turan-ın müxbiri ilə söhbətində bildirib.
İyulun 14-də bastainfo.com saytının digər əməkdaşları da Bakı Prokurorluğunda dindirilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Hacıbəylinin ona qarşı təzyiq olması haqqında bəyanatını təkzib edib. "Başlanmış cinayət işi ilə bağlı zəruri istintaq tədbirləri davam etdirilir. Mustafa Hacıbəyli bu iş üzrə dindirilir. Ona təzyiq göstərilməsindən söhbət belə gedə bilməz", deyə Sultanov bildirib.

Xatırladaq ki, iyulun 9-da Hacıbəyliyə 313-cü (vəzifə saxtakarlığı) maddə ilə açılmış cinayət işi üzrə şahid qismində cəlb edildiyi bildirilib. Elə həmin gün Baş Prokurorluq Gəncə meri Elmar Vəliyevə qarşı sui-qəsdlə əlaqədar internet-resurslarda "yalan məlumatlar" və "qanunsuz çağırışlar" yayılması faktı üzrə cinayət işi açıldığını bildirib.

Bununla əlaqədar prokurorluq Rabitə Nazirliyinə "bastainfo.com", "criminalaz.com", "topxeber.az" və "fia.az" saytlarının bloklanması üçün Rabitə Nazirliyinə müraciət edib. /Turan.az/