"Bu hökm göstərdi ki, ölkədəki hakimiyyət Hafiz Hacıyevə layiqdir"-Aslan İsmayılov
7gun.org-ın Turan İA-nə istinadən məlumatına görə, İyulun 4-də Səbail Rayon Məhkəməsi hüquqşünas Aslan İsmayılovu 1500 manat cərimələyib.Belə ki, məhkəmə iclasına sədrlik edən hakim Azər Tağıyev Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsiylə Aslan İsmayılova bəraət verib. Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsiylə isə 1500 manat cərimə edib. Hafiz Hacıyevin 100 min manatlıq mülki iddiası təmin olunmayıb.
Aslan İsmayılovu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev məhkəməyə verib. O, hüquqşünasın Cinayət Məcəlləsinin 147.2 və 148 maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyib.
Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyev Aslan İsmayılovun bu il fevralın 1-də təqsirləndirilən şəxs qismində tanınması barədə qərar qəbul edib.
Hafiz Hacıyevin iddiasına görə, Aslan İsmayılov sosial şəbəkələrdə onu "canlı" adlandırmaqla təhqir edib, başqalarını şantaj edib pul aldığını deməklə böhtan atıb.
H.Hacıyev A. İsmayılovun böhtan və təhqirə yol verdiyi üçün təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilməsini, üzr istəməsini və ona dəymiş mənəvi ziyana görə 100 min manat təzminat ödəməsini tələb edib.
A. İsmayılov H. Hacıyevin iddiasının əsassız olduğunu bildirib.
H.Hacıyev məhkəmədə deyib ki, nüfuzuna dəymiş zərərə görə 100 min manat çox aşağı məbləğdir.
"Mən 110 minlik partiyanın sədriyəm, dörd dəfə prezidentliyə namizəd olmuşam. Mənə atdığı böhtanlarla, təhqirlərlə vurduğu ziyan ən ağır cinayətdir".
A. İsmayılov isə deyib ki, olmayan nüfuza zərbə vurula bilməz.
"Qərarı çıxaranda nəzərə alın ki, bu qərar tarixdə qalacaq. Sizə təqdim etdiyim sənədlərdə mənim haqqımda işlətdiyi söyüşləri də nəzərə alın. Mən bu canlı ilə hətta bir otaqda da olmaq istəmirəm".
Məhkəmənin hökmü tərəfləri qane etməyib. H.Hacıyev bildirib ki, hökmdən narazıdır.
A. İsmayılov da apellyasiya şikayəti verəcəyini deyib.
"Bu hökm göstərdi ki, ölkədəki hakimiyyət Hafiz Hacıyevə layiqdir", - o qeyd edib.