“Biz əvvəlki illərdə Ukraynadan bir çox kənd təsərrüfatı texnikası almışıq"-İlham Əliyev
“Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfəriniz iki ölkə arasındakı əlaqələrə çox güclü təkan verəcək. Biz artıq təkbətək görüşdə bir çox məsələləri müzakirə etdik və bir daha gördük ki, ikitərəfli gündəlik kifayət qədər genişdir”.7gun.org xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 17-da Bakıda Ukrayna prezidenti Vladimir Zelenski ilə geniş tərkibdə görüşdə deyib.
“İndi geniş tərkibdə danışıqlarda biz məsələləri ətraflı müzakirə edəcəyik. Əminəm ki, səfərin çox gözəl nəticələri olacaqdır. Bir çox önəmli məsələlər müzakirə olundu, o cümlədən ticarət dövriyyəsinin artırılması ilə bağlı məsələlər. Ənənəvi olaraq energetika, nəqliyyat sahələrində əməkdaşlıq uğurla davam etdirilir. Təkbətək görüşdə biz bu əlaqələrin gələcək inkişafı ilə bağlı geniş fikir mübadiləsi apardıq. Bir önəmli sahə də kənd təsərrüfatıdır. Biz əvvəlki illərdə Ukraynadan bir çox kənd təsərrüfatı texnikası almışıq. Əlbəttə ki, qarşılıqlı sərmayə qoyuluşu ilə bağlı məsələlər böyük maraq doğurur. Əminəm ki, bu gün keçiriləcək Ukrayna-Azərbaycan biznes forumu biznes dairələri arasındakı əlaqələrə də müsbət təsir göstərəcəkdir. Bir daha xoş gəlmisiniz”, – Azərbaycan Prezidenti bildirib.