Azərbaycan və Aİ nümayəndə heyətləri insan hüquqları, demokratiya, ədliyyə məsələlərini müzakirə ediblər


Fevralın 5-6-da Bakıda Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında ədliyyə, azadlıq və təhlükəsizlik, insan hüquqları və demokratiya sahəsində əməkdaşlıq üzrə alt komitəsinin 7-ci iclası keçirilib.

Danışıqlar Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev və Aİ Avropa Xarici Əlaqələr Xidmətinin "Şərq Tərəfdaşlığı" ölkələri ilə ikitərəfli münasibətlər şöbəsinin müdiri Riçard Tibbelsin sədrliyilə keçib.

Azərbaycan XİN mətbuat xidmətinin məlumatına görə, danışıqlar açıq və konstrukriv şəraitdə keçirilib.

Görüşün ilk günündə ədliyyə, azadlıq və təhlükəsizlik sahəsində qarşılıqlı maraq doğuran bəzi məsələlər müzakirə olunub. Müzakirə zamanı həmçinin qanunun aliliyi, məhkəmə hakimiyyəti və ədliyyə sahəsində əməkdaşlıq məsələlərinə toxunulub.

Həmçinin miqrasiya, sığınacaq və sərhəd idarəçiliyi, habelə mütəşəkkil cinayətkarlıq və digər qanunsuz fəaliyyət növləri ilə mübarizə mövzuları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Fevralın 6-da insan hüquqları və demokratiya, o cümlədən mülki, iqtisadi, siyasi və sosial hüquqlar; insan hüquqları sahəsində milli çərçivələr, bu sahədə beynəlxalq forumlarda əməkdaşlıq məsələləri müzakirə olunub.

İclasın yekunlarına əsasən danışıqların nəticələrini və əməkdaşlıq perspektivlərini əks etdirən sənəd qəbul olunub.

İclasda 26 dövlət qurumundan nümayəndələr iştirak ediblər.
/Turan/