İlham Əliyev ABŞ müdafiə nazirinin müavininin müşavirini qəbul edib


Çərşənbə axşamı prezident İlham Əliyev ABŞ-ın müdafiə nazirinin müavininin müşaviri Laura Kuperin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Rəsmi məlumata görə, görüş zamanı hərbi sahədə ikitərəfli münasibətlər müzakirə edilib.

Prezident İlham Əliyev qarşılıqlı səfərlərin, o cümlədən ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun və digər rəsmilərin Azərbaycana səfərlərinin münasibətlərimizin inkişafındakı rolunu qeyd etdi. Müdafiə sahəsində əməkdaşlığın məmnunluq doğurduğunu deyən dövlət başçısı enerji təhlükəsizliyi məsələlərinin də ikitərəfli münasibətlərin inkişafında böyük önəm daşıdığını bildirib, bu baxımdan ABŞ hökumətinin və şəxsən ABŞ prezidentinin "Cənub" qaz dəhlizi layihəsinin reallaşmasına verdiyi dəstəyi yüksək qiymətləndirib.

Dövlət başçısı həm NATO çərçivəsində, həm də ikitərəfli əsaslarla Əfqanıstandakı sülhməramlı qüvvələrə dəstək göstərildiyini bildirib.

Cavab sözündə L.Kuper deyib ki, bu səfər Azərbaycanla ABŞ arasında müdafiə sahəsində əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin genişlənməsinin davam etdirilməsi məqsədini daşıyır. Onun sözlərin görə, ABŞ rəhbərliyi Azərbaycanla əlaqələrə mühüm əhəmiyyət verir. O, terrorizm, kütləvi qırğın silahları və narkotik maddələrin yayılmasının qarşısının alınması və ümumilikdə, təhlükəsizlik sahəsində əməkdaşlığı yüksək qiymətləndirib.