Əfqan Muxtarlı dərhal və qeyd-şərtsiz azadlığa buraxılsın


ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun oktyabrın 22-də Bakıya səfəri ərəfəsində Amnesty International USA hüquq-müdafiə təşkilatı onu Azərbaycan hakimiyyətindən insan hüquqlarının pozulmasına son qoyulmasını tələb etməyə çağırıb.

Təşkilatın müraciətində qeyd olunur ki, Azərbaycan hakimiyyəti müntəzəm olaraq fikrin ifadə olunması azadlığını pozur, hökumət bütün əsas kütləvi informasiya vasitələrinə nəzarət edir, hüquq müdafəçilərinin qorxudulması üçün qanunvericilikdən və birbaşa zorakılıqdan istifadə edir.

"Azərbaycan hakimiyyətinin həbs etdiyi şəxslər ədalətsiz məhkəmə çəkişmələri ilə üzləşməli olur və ədalətli müdafiə ilə təmin olunmurlar. Məhbusların bəzisi həbsxanada ölüb".

"Biz Azərbaycan administrasiyasına təzyiqlərin insan hüquqları sahəsində müsbət nəticə verdiyini görmüşük. 2017-ci ildə hakimiyyət jurnalist Mehman Əliyevi həbs etməyə qərar verdikdə bu, sərt reaksiyaya səbəb oldu və sonda onu həbsdən buraxdılar, sonra isə üzərindən ittihamları götürdülər", -oktyabrın 19-da Ağ Evə göndərilən məktubda deyilir.

Müəlliflər Boltona tövsiyə edirlər ki, Azərbaycan rəhbərliyilə müzakirələr zamanı aşağıdakı məsələləri qaldırsın:

2017-ci ilin mayında Tbilisidə oğurlanıb qanunsuz olaraq Azərbaycana göndərilmiş və orada həbs edilmiş Əfqan Muxtarlı dərhal və qeyd-şərtsiz azadlığa buraxılsın;

Hakimiyyətin siyasi opponentlərini müdafiə etdiyinə görə öz işindən kənarlaşdırılan vəkillərin hüquqları bərpa edilsin;

Demokratiya və insan hüquqları üzrə dialoq bərpa edilsin. Bakı və Vaşinqton arasında dialoq hələ 2006-cı ildə başlanmışdı və Azərbaycanda insan hüquqlarına hörmətin artırılmasına yönəlmişdi. Bu illər ərzində görüşlər davam edib və Obama administrasiyasının vaxtında Bakının xahişilə dayandırılıb.

"Hökumətlər arasında insan hüquqları üzrə dialoqun bərpası Azərbaycan hökumətinin insan hüquqlarının pisləşməkdə olan vəziyyətinin nizamlanmasına təşviq edilməsində mühüm addımdır", - müraciətdə qeyd olunur.

Turan.az