Statistikanın faciəsi




Fəxrəddin Mehdiyev

Hər gün poçt bölmələrindən vətəndaşlardan yuxarı instansiyalara çoxsaylı şikayət məktubları, teleqramalar yola salınır. Yuxarı instansiyalara göndərilən məktublarsa yuxarıdan aşağıya ünvanlanır. Bu mənada poçt şöbələri ictimai narazılıqların konkret ünvanlarını göstərən məkandır. Necə ki, bazarlar təklif və tələbin barometridir, poçt bölmələrindən göndərilən vətəndaşların şikayət məktubları da vətəndaş və məmur münasibətlərinin güzgüsüdür.
Şikayət məktublarının statistikası və ümumiləşdirilməsi aparılsaydı, bu, böyük informasiya kapitalı olardı .

Şikayət incidilmiş insanların silahıdır. Ona görə də şikayət məktubları yuxarılardan məsələnin ədalətli həllinə kömək göstərilməsinə xahiş sözləri ilə tamamlanır. Qəribəliklərdən biri də ondan ibarətdir ki, ədalət axtarışları məktublarının böyük hissəsi vəzifəsi ədaləti təmin etməli olan ədalət məhkəmələrinə aid olur.
Xüsusi ilə cinayət işlərində ədalətli cəzanın təyin edilməsi ədalət məhkəməsinin əsəridir.
Kriminaloji effekt deyilən bir anlayış var, cəzanın yüngüllüyü zərərçəkmişə münasibətdə ədalətsizdir, eyni zamanda, cinayəti törətmiş şəxsdə gələcəkdə təkrar cinayət etməyin potensiallığını yüksəldir. Cəzanın ağırlığı isə məhkumu aqressivləşdirir və ya depressiyaya salır, onun sosial əlaqələrini qırır, məhkum cəza çəkdikdən sonra isə onun cəmiyyətə adaptasiyasını çətinləşdirir və bəzən mümkünsüz edir, residivistliyi artırır.
Raznobarskiy Yan Tairoviç barəsindəki məhkəmə hökmü də bunun tipik nümunəsidir. Onun ailə üzvləri yuxarı instansiyalara yazdıqları çoxsaylı məktublarda ədalətli məhkəmə qərarı xahiş edirlər. Məsələnin qısa mahiyyəti ondan ibarətdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 dekabr 2016-cı il tarixli hökmü ilə Raznobarskiy Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.120.2.5 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə, Cinayət Məcəlləsinin 29.120.2.5-ci maddəsi ilə 15 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanmaqla Raznobarskiy Yan Tairoviçə qəti olaraq 15 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Raznobarskiy və onun müdafiəçisi tövsifi səhv, hökmü ədalətsiz hesab etdiyindən apelyasiya şikayəti veriblər. Bakı Apelyasiya Məhkəməsi apelyasiya şikayətini təmin etməyib, hökmü qüvvədə saxlayıb.
Nəzərə alsaq ki, məhkəmənin hökmündə qeyd edildiyi kimi, Raznobarskiy yaşayış yeri üzrə müsbət xarakterizə olunur, ailəlidir, məhkumluğu yoxdur, cinayət hadisəsi mülki hüquq münasibətləri zəminində yaranmış mübahisədən doğub, zərərçəkmiş şəxsə yetirilən xəsarət az ağır zərər vurmaya aiddir və əməl cinayət etməyə cəhdlə tövsif edilib, Raznobarskiy və onun müdafiəçisinin cinayətin tövsifi və cəzanın ağırlığının ədalət meyarlarına uyğun gəlmədiyini bildirən mövqeləri əsaslıdır.
Ədalətli cəza təyin edilməsi, hadisənin səbəb və nəticə əlaqələrinə hüquqi-məntiqi, etik yanaşmadan keçir. Nə qədər ki, bu yoxdur, məhkəmələr hökmlərində yüngülləşdirici halları formal sadalayır və bununa işini bitmiş hesab eləyir, cəza öz ağırlığında qalacaq. Nəticədə cəza törədilmiş hadisəyə uyğun olmayaraq ya yüngül, yaxud da əksər məhkəmə praktikasında olduğu kimi ittihamyönümlü olur. Bu da insan faciələrinə, ədalətsiz hökmlərə gətirib çıxarır. Necə ki, Raznobarskinin ittiham olunduğu maddənin sanksiyasında başa çatmış cinayətə görə 20 il azadlıqdan məhrum edilmə nəzərdə tutulsa da, başa çatmamış cinayətə, yəni cəhdə görə ona 15 ildən çox azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Bu, yəni ədalətsiz hökmlər isə insan taleyinin və faciəsinin qapısıdır. Necə ki, Raznobarskinin faciəsi kimi.
Dövlət Statistika Komitəsi bəraət hökmlərinin statistikasını aparır. Ancaq aldığı cəza törətdiyi əmələ uyğun olmayan hökmlərin statistikası heç yerdə aparılmır. Hərgah belə bir ümumiləşdirmə aparılsaydı, nə qədər insanın məhz ədalət mühakiməsini həyata keçirməli olan məhkəmələrin cəzanın mümkün qədər ağırlaşdırılması siyasətinin qurbanına çevrildiyinin şahidi ola bilərdik.
Ədalətli məhkəmə qərarı mücərrəd anlayış deyil, özündə obyektivliyi və subyektivliyi ehtiva edir. Obyektivlik onun işin həqiqi hallarına uyğun olmasıdır. Subyektivlik isə şəxsin daxilən məhkəmənin qərarını ədalətli hesab etməsidir. Nə qədər ki, ədalətin obyektiv və subyektiv meyarları təmin olunmur, poçt bölmələrindən yuxarı instansiyalara şikayət məktubları və teleqramalar axını davam edəcək. Yuxarıya ünvanlanan şikayət məktublarının sayı statistikaya çevriləcək, kədərli statistikaya...

/Meydan.tv/