Elmira Süleymanova Məmməd İbarahimə görə Rəfail Mehdiyevə müraciət edib


İnsan hüquqları üzrə müvəkkil - ombudsman Elmira Süleymanova AXCP sədrinin həbsdə olan müşaviri Məmməd İbrahimin sağlıq durumunun araşdırılmasını istəyir. Ombudsman bu gün, iyulun 20-də bununla bağlı Ədliyyə Nazirliyinə müraciət edib.

7gun.org xəbər verir ki, bu barədə Turan-a Məmməd İbrahimin oğlu bildirib.

Süleymanova Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rəfail Mehdiyevə müraciət göndərib. Ombudsman Məmməd İbrahimin oğlunun ona müraciətinə əsasən fəalın müayinə və müalicə olunmasını xahiş edir.

Oğlunun sözlərinə görə, Məmməd İbrahim bir gözünün görmə qabiliyyətini itirib. Doğmaları vaxtında tədbir görülməsə, müxalifətçinin ikinci gözünün də kor olacağından ehtiyatlanırlar.

Məmməd İbrahim 2 il 10 aydır xuliqanlıq ittihamı ilə həbsdədir. Onun cəza müddətinin başa çatmasına iki ay qalır. O, ittihamları təkzib edib və onları siyasi motivli adlandırıb. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.