Vətəndaş cəmiyyətinin hazırki vəziyyəti və vəziyyətdən çıxış yolları müzakirə olunub


Dünən bir qrup fəal tərəfindən vətəndaş cəmiyyətinin hazırki vəziyyəti və vəziyyətdən çıxış yolları mövzusunda dinləmələr təşkil edilib.

Müzakirə iştirakçıları vətəndaş cəmiyyətinin problemlərinin aradan qaldırılması üçün 2013-cü ilə qədər mövcud olan qanunvericiliyə qayıtmaq lazım olduğu barədə həmrəy olublar.

Həmçinin vətəndaş cəmiyyəti institutlarına qarşı real siyasətin liberallaşdırılması, məhkəmələrdə vəkil olmayan şəxslər tərəfindən nümayəndəlik institutunun bərpa edilməsi zərurəti qeyd edilib.

Azərbaycanda vətəndaşların hüquqlarının müdafiəsi heç vaxt indiki qədər zəif olmayıb, Helsinki Vətəndaş Assambleyasının həmsədri Arzu Abdullayeva belə hesab edir. QHT-lərin hazırki vəziyyəti insan hüquqları sahəsində vəziyyətə çox mənfi təsir edir.

"İnsanlar dövlət, məhkəmə və QHT-lər tərəfindən hüquqlarının müdafiəsinə nail ola bilmirlər. İnsanlar özlərini müdafiəsiz hiss edirlər və bu təmayül getdikcə daha da güclənir", deyə o bildirib.

"Sumqayıt gənclərinin hüquqi maarifləndirilməsi" QHT-nin rəhbəri Elçin Məmməd qeyd edib ki, nümayəndəlik institutunun ləğvindən sonra vətəndaşlar problemli kreditlərlə əlaqədar faktiki olaraq müdafiəsiz qalıblar. Məhkəmələrdə şikayətlərin əksəriyyəti məhz bununla bağlıdır.

Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu beynəlxalq donorların Azərbaycanda fəaliyyətinə məhdudiyyətin aradan qaldırılmasını zəruri hesab edir. Bu, Azərbaycanın beynəlxlaq imicinə müsbət təsir edə bilərdi, deyə o bildirib.

Neftçilərin Hüquqlarını Müdafiə İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanı QHT-lərə təzyiqin davam etməsindən şikayət edib. 2014-cü ildə QHT-lərə qarşı cinayət işləri açılıbsa və bank hesabları dondurulubsa, indi onları fəaliyyətinin monitorinqini fəalların apardığı şirkətlər təqib edir, deyə Qəhrəmanlı bildirib.

/Turan.az/