"Oqtay Gülalıyev bu ölkənin vətəndaşıdır"-MÜRACİƏT


7gun.az-ın rəhbəri-jurnalist Cavid Şirəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və 1-ci Vitse-Prezident, Heydər Əliyev adına Fondun Prezidenti Mehriban xanım Əliyevaya tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyevlə bağlı açıq müraciət edib. Müraciətdə deyilir:

"Məlum olduğu kimi tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyevi avtomobil vurması nəticəsində ağır xəsarət almışdır. Hadisədən sonra sürücü Oqtay Gülalıyevi Musa Nağıyev adına 1saylı Klinik Xəstəxanaya aparmışdır. Hüquq müdafiəçisi həmin tibb müəssisəsində təyinatlı tibbi yardım olmadan bir neçə saat saxlandıqdan sonra Baku City Hospitala göndərilmişdir. Həmin tibb müəssisəsində Oktay Gülalıyev təxminən 15 saat sonra əməliyyat olunmuşdur. Həkimlərin səhlənkarlığı nəticəsində Oqtay Gülalıyev düşdüyü ağır komadan hal-hazıra kimi ayılmamışdır. Bundan başqa, əməliyyatdan sonra onun ağ ciyərinə infeksiya düşdüyü məlum olub.

Heydər Əliyev adına Fond hüquq müdafiəçisi Oqtay Gülalıyevin müayinə və müalicəsini öz üzərinə götürmüş, məhz bu məqsədlə o, Türkiyə Respublikasının İstanbul şəhərindəki "Avrasiya" klinikasına aparılmış, daha sonra isə "Amerika Xəstəxanası"na köçürülmüşdür. Hüquq müdafiəçisi Oqtay Gülalıyevin durumunun ən ağır dövründə Heydər Əliyev adına Fondunun Türkiyə təmsilçisi fondun maliyyə imkanının məhdud olduğunu, 09 dekabr 2019-cu ildə müalicənin aparılmasından ötrü maliyyə dəstəyinin dayandırılacağını onun ailəsinə bildirib. Oktay Gülalıyev ölkədə hörmət və nüfuz sahibi olan hüquq müdafiəçisi, ən əsası isə vətənini, dövlətini və millətini sevən insandır. Siyasi mənsubiyyətindən və ictimai mövqeyindən asılı olmayaraq, Oqtay Gülalıyev bu ölkənin vətəndaşıdır. Ümid edirik ki, dövlət öz vətəndaşına sahib çıxacaq, Heydər Əliyev adına Fond da hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsinin Türkiyə Respublikasında davam etdirilməsindən ötrü maliyyə dəstəyini əsirgəməyəcək".