“Mehmandan əl çək" kapmaniyasına başlayaq"Oktay Gülalıyev
Hüquq müdafiəçisi Mehman Hüseynovla bağlı çağırış etdi.Bu gün Həmrəylik günü və Yeni il axşamıdır. İnsanlarımzda bayram ovqatı olmasa da hər kəsin bayramını təbrik edirəm, xalqımıza uğurlar arzulayıram...
7gun.org xəbər verir ki, bu sözləri tanınmış hüquq müdafiəçisi Oktay Gülaliyev özünün feysbuk səhifəsində yazıb.
"Amma biz yalnız sözdə deyil, əməldə də həmrəy olmalıyıq. Həmrəy olmalıyıq ki, ölkəmizdə dəyişiklik, inkişaf və ədalət olsun. Biz bir ola bilməsək ölkəmizdə nə ədalət, nə də inkişaf olacaq...
Baxın, şərlənib həbs olunan gənc video- blogger Mehman Hüseynov 5 gündür ki, "kars"-a salınıb, ona qarşı açılmış qondarma cinayət işinə etiraz əlaməti olaraq müddətsiz aclıq aksiyası elan edib. Ədalətsizliyə, haqsızlığa qarşı dəmir barmaqlılar arasında mübarizə aparır. Əslində Mehman bəyin mübarizəsi özünə qarşı olan haqsızlığa görə deyil. Çünki o özünə görə həbs olunmayıb. İstəsəydi onun da Prezident aparatından verilən evi, maşını, iş yeri və rahat həyat şəraiti olardı. İstedadlı gənc kimi o buna çoxdan haqq edirdi. Amma o, harın, xalqın qanını sorub oğurluqla milyonlar qazanan məmurların yanında olmadı, əksinə onları ifşa edib xalqın yanında oldu. Onun mübarizəsi həm də hakimiyyətin xalqımıza qarşı olan haqsız, ədalətsiz davranışına görədir...
Gəlin biz də xalqın yanında olan, bizlərə görə şərlənib həbs olunan Mehman Hüseynovu daha qətiyyətli müdafiə edək. Həmrəylik günündə ona və bütün siyasi məhbuslara sözün gerçək mənasında həmrəylik nümayiş etdirək. Nədən biz bu tarixi, böyük gündə hamımız bir yerdə həmrəylik göstərib "Mehmandan əlini çək" ictimai təbliğat kampaniyasına başlamayaq!? Belə etsək Mehmanın azadlığına daha tez nail ola bilmərikmi? Təbii ki, olarıq. Onda bəs nədən etməyək? Bütün gəncliyini, enerjisini bizlərə həsr edən bir şəxs nədən biz 1- 2 saat və ya gün sərf etməyək!?"- deyə Oktay Gülaliyev bildirib.