"Oğruların, rüşvətxorların Taleh Xasməmmədovu həbs etməsi tarixin ironiyasıdır"
Siyasi Məhbusları Müdafiə Mərkəzinin (SMMM) üzvü, hüquq müdafiəçisi Taleh Khasmammadovu da şərləyib həbs etdilər. Guya hədə- qorxu gələrək (CM 182- ci maddə- red.) kimdənsə 1000 manat pul alırmış (!?). İllərdir Azərbaycan xalqının milyardlarını oğurlayıb ofşarlara daşıyanlar, övladlarına Avropada dəyəri milyonlarla ölçülən bahalı malikənələr alanlar Taleh Xasməmmədov kimi haqqı- hüququ pozulanları təmannasız müdafiə edənləri reketçilikdə, oğurluqda, rüşvət almaqda ittiham edirlər. Bu, tarixin irroniyasıdır...
7gun.org xəbər verir ki, bu sözləri tanınmış hüquq müdafiəçisi Oktay Gülaliyev özünün feysbuk səhifəsində yazıb:
"Yaxından tanıdığıma görə bildirim ki, Xasməmmədovlar ailəsinə 8 ildir ki, bu hakimiyyət dinclik vermir. 4- cü dəfədir ki, Taleh bəyə qondarma cinayət işi açıb 4- cü dəfə həbs edirlər. Əvvəlcə ona CM- nin 221- ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açırdılar. Sonra gördülər ki, arıq, çəlimsiz, səhhətində ciddi problemləri olan, toyuğun da başını kəsməyə ürək etməyən bir adama bu maddə yapışmır, maddəni dəyişdilər. Yeri gəlmişkən yola saldığımız ilin fevralında ona qarşı bu maddə ilə açılmış cinayət işinə görə o istintaq təqibi altında idi. Rəsmi qaydada polis nəzarətində olmaqla ölkədən çıxışı qadağan idi. Taleh bəyə görə bu ilin yayında qardaşı Valeh Xasməmmədovu qanına qəltan etmişdilər. Bu yaxınlarda isə onu Taleh Khasmammadovun tənqidi yazılarına görə işdən çıxartdılar. Yerli icra və polis strukturu dəfələrlə ona və ailəsinə fəaliyyətini, tənqidi çıxışlarını dayandırmaq barədə xəbərdarlıq etmişdilər. Bu yaxınlarda isə özünün mənə bildirdiyinə görə Göyçay məhkəməsinin razılığı ilə gizli şəkildə onun telefonlarını dinləmə altına almışdılar. O, həbs ediləcəyini bilə- bilə fəaliyyətini davam etdirir, hakimiyyətin qanunsuz və korrupsiya əməllərini ifşa edirdi. Amma özünə və ailəsinə olan təzyiqləri heç zaman geniş auditoriyalarda danışmırdı...
Taleh Khasmammadovun həbsinin əsas səbəblərindən biri də onun SMMM- də fəaliyyəti ilə bağlıdır. Onsuz da bu təşkilat və onun üzvləri çoxdan hakimiyyətin hədəfindədir. Son zamanlar bizə qarşı olan hücumlar da "hədəfi" vurmaq üçündür. Sabah məni və ya SMMM- in hər hansı digər üzvünü belə külünc və qondarma ittihamlarla şərləyib həbs etsələr təəccüblənməyin...
Amma bütün təzyiqlərə, dostlarımızın həbsinə baxmayaraq bizim fəaliyyətimiz və mübarizəmiz davam edəcək. Hamını Taleh Khasmammadovun, Mehman Hüseynovun, Gözəl Bayramlının timsalında bütün siyasi məhbusları daha qətiyyətli şəkildə müdafiə etməyə çağırırıq!"-deyə Oktay Gülaliyev bildirib.