SMMM cərimə olunanlara dəstək marafonu keçirəcək...


Bu gün Siyasi Məhbusları Müdafiə Mərkəzinin (SMMM) növbəti iclası keçirilib. İclasda insan haqları ilə bağlı vəziyyət, siyasi məhbus problem və qarşıda duran vəzifələr müzakirə olunub.

7gun.org xəbər verir ki, bu sözləri tanınmış hüquq müdafiəçisi Oktay Gülaliyev özünün feysbuk səhifəsində yazıb:
“17 noyabr Milli Dirçəliş günündə Şəhidlər Xiyabanını ziyarət etmək istəyən Milli Şuranın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli başda olmaqla 52 nəfərin saxlanılaraq Səbail rayon polis idarəsinə aparılması, 3 nəfər haqqında 20 günlük inzibati həbs cəzası çıxarılmaqla digər şəxslərin 400- 2500 manat arası cərimələnməsi pislənilib. Bununla bağlı SMMM adından ayrıca bəyanat qəbul olunub. Eyni zamanda qərar alınıb ki, qanunsuz cərimə cəzasına məruz qalanların cəriməsinin ödənilməsinə dəstək məqsədilə cümə günü, 23 noyabr tarixdə “Dirçəliş marafonu” keçirilsin.

Toplantıda SMMM tərəfindən hazırlanan “Həbs yerlərində saxlanma şəraiti və Azərbaycanda siyasi məhbus problemi” mövzusunda Hesabatla bağlı fikir mübadiləsi aparılıb, təkliflər irəli sürülüb. Qərara alınıb ki, sənəd üzərində tamamlama işlər noyabrın sonuna qədər yekunlaşsın. Sənəd ingilis dilinə tərcümə edilsin və 10 dekabr- Ümumdünya İnsan Hüquqları günü yerli və beynəlxalq ictimaiyyətə təqdim edilsin.

Toplantıda Siyasi Məhbusları Müdafiəsi Mərkəzinin fəaliyyəti haqqında Əsasnamə yeni redaktədə müzakirə olunub.

2018- ci ilin yekunları ilə bağlı müzakirələrdə SMMM- in gördüyü işlər, siyasi məhbusların müdafiəsi sahəsində fəaliyyəti, eləcə də hazırladığı sənədlər, o cümlədən “Avropa işi” Hesabatı qənaətbəxş hesab olunaraq təqdir edilib. Qərara alınıb ki, bu istiqamətdə fəaliyyət, görülən işlər, müxtəlif sənəd və hesabatların hazırlanması, eləcə də Avropada yaşayan mühacirlərin ailə üzvlərinə, qohumlarına qarşı həyata keçirilən repressiyalarla bağlı məlumatların və yeni keyslərin “Avropa işi” Hesabatına daxil edilməsi 2019- cu ildə də davam etdirilsin"-deyə Oktay Gülaliyev bildirib.