AXCP fəalının səhhətində yaranan problemə görə, ombudsmana müraciət olunub
30 sutka inzibati cəza alan AXCP fəalı Zəfər Əhmədlinin səhhətindəki problemlər qalır. Bu barədə AzadlıqRadiosuna onun ailəsindən bildiriblər.Yaxınlarının bildirdiyinə görə, Zəfər Əhmədli böyrək ağrılarından əziyyət çəkir. Onun davamlı qulluğa, sağlığının diqqətdə saxlanmasına ehtiyac var.
"Təcridxanada belə şərait yoxdur. Lazım olan dava-dərmanı da biz alıb vermişik", ailəsindən bildiriblər.
Yaxınlarının deməsinə görə, cəbhəçinin sağlıq durumunun diqqətdə saxlanması üçün əlaqəli qurumlara müraciət olunub. Bu gün, avqusun 17-də cəbhəçinin vəkilləri onun sağlıq durumu ilə bağlı İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsaman) müraciət ediblər.
İyulun 27-də Xətai Rayon Məhkəməsi AXCP fəalı Zəfər Əhmədliyə 30 sutka inzibati həbs cəzası verib. Onun küçədə inzibati qaydanı pozmaqda və onu intizama dəvət edən polisin tələbinə tabe olmamaqda günahlandırıldığı bildirilir.
Cəbhəçinin inzibati qaydada cəzalandırılmasından verilən apellyasiya şikayəti rədd edilib.
AXCP-dən isə Z.Əhmədlinin həbsinin gerçək səbəbinin Facebook sosial şəbəkəsində yazdığı statuslar olduğu deyilib.
Z.Əhmədli həm də həbsdə olan AXCP fəalı Fuad Əhmədlinin atasıdır. F.Əhmədli 2016-cı il avqustun 17-də saxlanıb. O, Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 4 il həbs cəzası kəsilib. F.Əhmədli ittihamları rədd edir və siyasi baxışlarına görə həbs olunduğunu bildirir.