Polis gəzintiyə çıxan siyasi mәhbus ailәlәrini saxladı


Siyasi məhbusların ailə üzvləri iyunun 15-də bulvarda birgə gəzinti zamanı polislər tərəfindən saxlanılaraq, Səbail rayonu 9-cu polis bölməsinə aparılıb.

7gun.org xəbər verir ki, bu barədə “Azadliq.info”ya saxlanılan məhbus ailələri məlumat verib.
Onların arasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur, “Azadlıq” qəzetinin şöbə müdiri Seymur Həzinin həyat yoldaşı Nigar Həzi, heykəl məhbusu Qiyas İbrahimovun anası Şura Əmiraslanova, AXCP fəalı Fuad Əhmədlinin atası Zəfər Əhmədli, cəbhəçi gənclər Orxan Baxışlının anası Kəmalə xanım, Ruslan Nəsirlinin anası Məleykə xanım və digər şəxslər olub.

Saxlanılan şəxslərin sözlərinə görə, onlar şüar səsləndirmədən, sakitcə gəzərkən polislər onları saxlayıb. Məhbus ailələrinin əynində siyasi məhbusların şəkilləri olan köynəklər olub.
Saxlanılan şəxslər 9-cu bölməyə aparılıb, orada ad-soyadları və s. məlumatlar alınandan sonra buraxılıblar. Lakin bir qədər sonra yenidən saxlanılıblar.

Zümrüd Yağmurun sözlərinə görə, polis bölməsində onlara heç bir təzyiq olmayıb: “Bizimlə normal davrandılar. Hərçənd, aralarında öz tərbiyəsini nümayiş etdirib, təhqiramiz ifadələr işlədən, kobudluq edənlər də vardı. Oradan çıxıb, gedib haradasa birlikdə çay içib bayramı qeyd etmək istəyirdik ki, yenidən bizi saxladılar. Heç bir səbəb də demirlər ki, niyə saxlandığımızı bilək”.