Siyasi məhbus Firudin Zeynalov məhkəmədə hakimə və rejimə meydan oxudu-Son söz
“Bu gün Gəncə şəhər Kəpəz rayon Məhkəməsində hakim Yaşar Həşimovun sədrliyi ilə keçən il Gəncədə İmamzadə ziyarətgahında keçirilən Aşura mərasimi zamanı polis əmakdaşları ilə ziyarətçilər arasında baş vermiş insidentlə bağlı təqsirləndirilən dini fəal Firudin Zeynalın CM-nın 315.2 və 221.3 maddələri ilə 3 il, digər 6 şəxsin isə eyni maddələrlə 1 il 4 ay müddətinə azadlıqdan məhrum edilmələri haqqında hökm oxundu- deyə tanınmış hüquq müdafiəçisi Oktay Gülaliyev öz feysbuk səhifəsində məlumat paylaşıb. 7gun.org olaraq həmin məlumatı olduğu kimi təqdim edirik: "Firudin Zeynalov hakimin heç bir sübut və əsaslar olmadan çıxartdığı hökmün diktator rejim tərəfindən sifarişli olduğunu və bəraət almaq üçün növbəti instansiya məhkənələrə müraciət edəcəyini bildirdi. O qeyd edib ki, şərlənərək həbs olunmasının səbəbi uzun illər hakimiyyətin haqsızlıqlarına qarşı mübarizə aparmasından irəli gəlir:
"Mən hələ 2000-ci ildə universitetin 2- ci kursunda təhsil alarkən YAP-a üzv olmadığım və bu rejimə nifrətimi aşkar bildirdiyim üçün, eləcə də həmin illərdən üzv olmasam da bir çox müxalif partiyaların gənclər təşkilatlarının tədbirlərində və rejimin əleyhinə olan bir çox mitinqlərdə iştirak etdiyim üçün hədəfə alınmışdım. Son illər isə istər Müsəlman Birliyi Hərəkatı, istərsə də müxalif düşərgənin aksiya və tədbirlərində iştirakıma görə dəfələrlə təhdid olunmuşdum. Həbs olunduqda polis rəisi mənə açıq- aşkar məni həbs etmək üçün bəhanə yarandığını, mənim əslində baş vermiş qarşıdurmaya görə yox, müxalif düşərgənin aksiyasından çəkilmiş bir şəkilə və MBH-yə açıq dəstək verdiyimə görə həbs edildiyimi bildirdi. Həbsdə olduğum müddətdə isə həbsxanadan yazdığım Cümhuriyyət təbriki bu qəzəblərini daha da artırdığından mənə qarşı daha qərəzli mövqe nümayiş etdirəcəklərini və yeni ittihamlar verəcəklərini dilə gətirdilər...
28 Mayda yazdığım məqalədən təxminən 1 ay sonra 3 iyulda Yunis Səfərovun Elmar Vəliyevə məlum hücumu ilə bağlı mənə 8 ağır maddə ilə cinayət işi başlandı (!?). Bu günə qədər də haqqımda verilmiş ittiham qərarında nəinki sübutlar, hətta cinayətdə hansı əməlimin olmasına dair şübhələr belə göstərilməyib. Mənə elə gəlir ki, bütün bunların səbəbləri hər kəsə gün kimi aydındı. Əminəm ki, nə vaxtsa haqq- ədalət bərqərar olacaq və haqsevər mübariz insanların əziyyətləri sayəsində bütün günahsız insanlar öz haqlarına qovuşacaqlar."
Daha sonra Firudin Zeynalov hakimə üz tutaraq son sözlərini deyib; "Bilin ki, bir məhkəmə də Qiyamət günü olacaq. Siz orda hakim kimi yox, təqsirləndirilən şəxs olaraq yol verdiyiniz haqsızlıqların cəzasını mütləq alacaqsınız. Amma bu o demək deyil ki, biz haqsızlıqlarla mübarizəmizi dayandırıb Qiyamət gününü gözləyəcəyik. Biz sizinlə artıq elə rəftarlar edəcəyik ki, arxalandığınız məmurlar da sizi müdafiə etməkdə aciz olacaqlar. Mən sözümü dedim, indi seçim sizindir"
Məncə şərhə ehtiyac yoxdur!
Firudin Zeynalovun timsalında bütün siyasi məhbuslara azadlıq tələb edirik!".