"Sizi İlkinin müdafiəsinə qalxmağa çağırırıq"- valideynlərin müraciəti
"İlkin 6 ildir günahsız yerə türmədə çürüyür. Bu məni bir ata kimi çox narahat edir. İlkinin özü də, biz də onun müdafiəsinin yetərincə olmadığı qənaətindəyik. Beynəlxalq təşkilatlar, Avropa İnsan Haqqları Məhkəməsi bütün siyasi məhbuslar haqqında, istəyir içəridə və ya çöldə olanlar haqqında, qərarlar verirlər, ancaq İlkin barədə yox. Elə bil hansısa bir qüvvə İlkinin işini geri çəkir".Bu barədə hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan İlkin Rüstəmzadənin valideynləri Bəkir Xəlilov və Atlas Hüseynovanın yerli və beynəlxalq ictimaiyyətə müraciətində deyilir.
İlkin Rüstəmzadə NİDA Vətəndaş Hərəkatının 6 il əvvəl həbs edilən 8 üzvündən biridir. Gənclər zorakılıq, kütləvi iğtişaşların təşkili və başqa ittihamlarla uzun müddətə həbs olunublar.
Gənclər həbsi 2013-cü il martın 10-da əsgər ölümünə etiraz aksiyasından sonraya təsadüf edir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadə 8 il, Rəşad Həsənov, Məmməd Əzizov 7 il yarım, Bəxtiyar Quliyev, Üzeyir Məmmədli 7 il və Şahin Novruzlu 6 il azadlıqdan məhrum edilib.
"Amnesty International" (Beynəlxalq Əfv) təşkilatı həbs edilən NİDA-çıları "vicdan məhbusü" elan edib.
Sonradan İ.Rüstəmzadədən başqa digərləri əfv və amnistiya aktları çərçivəsində azadlığa buraxılıb.
Valideynlər ictimaiyyəti İlkin Rüstəmzadənin hüquqlarının müdafiəsi ilə bağlı tədbirlərin genişləndirilməsinə çağırır.
"Biz bir valideyn kimi beynəlxalq insan haqları təşkilatlarına, Azərbaycanda olan qeyri-hökümət təşkilatlarına, siyasi partiya liderlərinə, hüquq müdafiəçilərinə müraciət edirik. Yetər artıq, səbr kasası dolub!.. Sizi İlkinin müdafiəsinə qalxmağa çağırırıq. Bir valideyn kimi sizdən xahiş edirik ki, beynəlxalq təşkilatlar qarşısında Ilkinin azad olunmasını prioritet məsələ kimi qaldırın", Bəkir Xəlilov və Atlas Hüseynovanın sosial şəbəkələrdə yaydığı müraciətdə deyilir.
Azərbaycan hökuməti ölkədə siyasi və vicdan məhbuslarının olması ilə bağlı fikirləri qəbul etmir. Dövlət rəsmiləri insanların bütün fundamental hüquqlarının təmin edildiyini və vətəndaşların qanun qarşısında bərabər olduğunu bəyan edir.