"Hakimiyyət üçün ictimai fikir və insanların kütləvi narazılığı əhəmiyyətli deyil"- Cavid Şirəliyev


7gun.az xəbər portalının təsisisi və baş redaktoru, jurnalist Cavid Şirəliyev həkim müayinəsindən keçmək üçün beynəlxalq təşkilatlara müraciət edərək maddi dəstək istəyib.

Cavid Şirəliyev öz şəxsi feysbuk səhifəsində yaydığı məlumata görə müayinə olunmaq üçün getdiyi 4 saylı şəhər polikilinikasında ondan rüşvət istəyiblər. Jurnalist bununla bağlı dövlət başçısı İlham Əliyevə müraciət etsə də, heç bir nəticəsi olmadığını qeyd edib:

"Hakimiyyət üçün ictimai fikir və insanların kütləvi narazılığı əhəmiyyətli deyil. Nəyi necə istəyirsə, elə də edir. Başqa sözlə desək, bu hakimiyyət xalqı saymır.

Məlum olduğu kimi bir neçə gün bundan öncə müayinə üçün getdiyim 4 saylı şəhər polikilinikasında məndən açıq-aşkar rüşvət tələb olundu. Mən buna kəskin etirazımı bildirdiyim üçün məni müayinə etmədilər.

Bundan sonra mən İlham Əliyevə müraciət edərək, ondan səhiyyə naziri Oktay Şirəliyev və 4 saylı şəhər polikilinikası üçün pul istədim. Təbii ki, mənim müraciətim cavabsız qaldı. Bütün bunlardan sonra çox götür-qoy etdim və qərara gəldim ki, beynəlxalq təşkilatlara müraciət edim mənim müayinə və müalicəm üçün səhiyyə naziriliyinin büdcəsinə təxminən 500-1000 dollar pul ayrılsın.

Mənim 5-6 səhifədən ibarət müraciətim hazırda bir neçə dildə tərcümə olunur".

Yaxın günlərdə Oktay Şirəliyev və Elsəvər Ağayevə pul ayırılacağına inanıram. Bu arada onu da qeyd edim ki, 4 saylı şəhər polikilinikasının rəhbərliyi yığılan rüşvətin böyük bir hissəsini nazir Oktay Şirəliyev və Elsəvər Ağayevə verdiyini israr edir. Məhz buna görə də heç kimdən qorxmadığlarını bildirirlər.