Leriklilər şikayətə gəldi, Qorxmaz Hüseynov işdə tapılmadı-Sakinlər Prezident Adminstrasiyasına getdilər


Bu gün Lerik rayon Şivlə, Biləvər və Geskön kəndlərinin bir qrup sakini, kənd ağsaqqalları və ziyalılar "Azərsu" ASC-yə gəliblər. Bu barədə sakinlər özləri məlumat veriblər.

Onlar "Şüpək" meşə massivindən sözügedən kəndlərə gedən, hər üç kəndin təsərrüfatının və 20 hektardan çox yaşıllığın, yeni salınan meşə zolağının - 6 hektar qoz ağacının qidalandığı bulağın Şingədulan kəndinə aparılmasına etiraz ediblər.

20-dən çox vətəndaş "Azərsu" ASC-yə gələrək qurumun sədri Qorxmaz Hüseynovla görüşmək istəyiblər. Amma qurumdan bildiribər ki, Qorxmaz Hüseynov işdə deyil.

Daha sonra sakinlər sədrin birinci müavini Teyyub Cabbarov və digər müavini Etibar Məmmədovla görüşmək istəyiblər. Həmin şəxslərin də işdə olmadığı və sakinləri qəbul etməyəcəklərini bildiriblər: "Bizə dedilər ki, biz sədri ayda bir dəfə görürük, siz necə görüşəcəksiniz?".

Uzun mübahisədən sonra sakinləri Şöhrət adlı şöbə müdiri qəbul edib: "Biz ona bildirdik ki, Şingədulan kəndinin özündə bir neçə bulaq var və hamısı istifadəyə yararlıdır. Eyni zamanda kəndən "Alaşa" çayı axır. Əgər cənab prezident bu kəndə su çəkdirmək üçün tapşırıq veribsə, təqdirəlayiqdir, amma su çəkmək üçün həmin kəndin özünün 3 su hövzəsindən istifadə etmək olar. Bu daha az xərc tələb edir.

Daha sonra israr etdik ki, biz rəhbərliklə də görüşmək istəyirik. Kəndlərimizin istifadə etdiyi bulaqdan su aparılsa, böyük bir meşə zolağı, kəndin həyat səviyyəsi, çay vadisində yerləşən təsərrüfat sahələri iflic olacaq. O da rəhbərliyin bizimlə görüşə bilməyəcəyini bildirdi.

Görünən odur ki, "Azərsu" rəhbərliyi Lerik rayon icra başçısı Rövşən Bağırovla birləşib 3 kəndi məhv etmək istəyir. Bizim o ərzidən kütləvi köçməkdən başqa çarəmiz qalmayıb. Qorxmaz Hüseynov o vəzifəyə təyin olunub ki, vətəndaşları dinləsin, onların problemləri ilə maraqlansın. Amma biz 350 km yol gəldik, adamı işdə tapa bilmədik. Bu nə biganəlikdir?".

Sakinlər daha sonra Prezident Adminstrasiyasına üz tutublar. Onlar müraciətlərini ölkə rəhbərliyinə çatdırmağı xahiş ediblər: "Biz bu problemi həll etmədən heç bir yerə getməyəcəyik. Dövlətin bütün qurumlarına müraciət edəcəyik. Qoy Lerikin icra başçısı 17 milyon manatlıq yolun hesabatını versin.

Bu yol bir il çəkmədi ki, dağıldı. Korrupsiyanın qurbanına çevriliblər bunlar. Ümid edirik ki, cənab Prezident bu məsələni nəzarətə götürüb bizdən qisas almaq istəyən məmurları cəzalandıracaq. Hansı qanunda var ki, suyu mənbədən götürmək olar? Bunlar qanun tanımır?".

"Azərsu" ASC-dən isə bildiriblər ki, vətəndaşların şikayəti araşdırılacaq. Suyun konkret hansı mənbədən götürülməsi dəqiqləşməyib. Bütün bunlara araşdırmadan sonra cavab veriləcək.

Lerik Rayon İcra Hakimiyyəti ilə bu məsələ ilə bağlı əlaqə saxlamaq mümkün olmayıb.