Jurnalistin ölümündə təqsirli bilinən Samir Mustafayevin kassasiya şikayətinə baxılıb
Azərbaycan Ali Məhkəməsində Tahir Kazımovun sədrliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən jurnalist Rasim Əliyevin ölümündə təqsirli bilinən Samir Mustafayevin kassasiya şikayətinə baxılıb.Samir Mustafayev özü məhkəməyə gətirilməyib, belə ki, bunu istəməyib. Məhkəmə məhkəməni onun iştirakı olmadan keçirmək qərarı qəbul edib.
Mustafayevin hüquqlarını müdafiə edən vəkil Bəxtiyar Hacıyev qeyd edib ki, kassasiya şikayətini dəstəkləyir və məhkəmədən müvəkkilinə bəraət verilməsini xahiş edir.
"Samir Rasim Əliyevin döyülməsində iştirak etməyib. Hətta istintaqın təqdim etdiyi cinayət yerindən videogörüntülərdə Samirin döymədiyi, əksinə, Rasimə ayağa qalxmağa kömək etdiyi görünür. Amma, buna baxmayaraq, o, 9 il müddətinə azadlıqdan məhrum edilib. Sizdən kassasiya şikayətini təmin etməyinizi xahiş edirəm", deyə vəkil bildirib.
Daha sonra həlak olmuş jurnalistin anası Teyfurə Əliyevaya söz verilib.
"Bildiyiniz kimi, Rasimin ölümü ilə nəticələnən hadisədə Samirin də rolu var. Cinayət əvvəlcədən planlaşdırılıb. Rasimi futbolçu Cavid Hüseynovun əməllərinə münasibət bildirdiyinə görə döyüblər.
Elşən İsmayılov (məhkəmə tərəfindən təqsirli bilinərək, 13 il müddətinə azadlıqdan məhrum edilib - red.) Rasimi döymək üçün adam yığıb. Videogörüntülərdə Samirin əməlləri aydın deyil. Hesab edirəm ki, bütün təqsirləndirilən şəxslər barəsində çox yüngül hökm çıxarılıb", deyə o bildirib.
Bu məqamda hakimlərdən biri Əliyevanın nitqini bölərək bildirib ki, prosesdə işin təfsilatına baxılmır, şikayətə münasibət bildirilir.
Teyfurə Əliyeva məhkəmədən şikayəti təmin etməməyi xahiş edib.
Prokuror Ramin Allahverdiyev də kassasiya şikayətini təmin etməməyi xahiş edib.
Yerindəcə məşvərət edən hakimlər kassasiya şikayətini təmin etməyiblər, Samir Məmmədov barəsində hökmü qüvvədə saxlayıblar.
Xatırladaq ki, 2016-cı il aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi Elşən İsmayılov, Arif Əliyev, Camal Məmmədov, Samir Mustafayev və Kənan Mədətovu Rasim Əliyevin ölümündə təsirli bilib və onları müvafiq olaraq 13 il, 12 il yarım, 11, 9 və 9 il müddətinə azadlıqdan məhrum edib.
/Turan.az/