KXCP sədrliyinə namizədlərin debatı təklif olundu


Sozcu.az saytının təhbəri, tanınmış jurnalist Elşən Əlisoy bir ildən artıqdır ki, qurultayının keçirilməsi müşkülə çevrilən KXCP ətrafında yaranan mübahisələrə aydınlıq gətirmək məqsədi ilə KXCP sədrliyinə namizədliklərini irəli sürmüş hüquq müdafiəçisi Oqtay Gülalıyev və partiyanın Ali Məclisinin üzvü Nisəxanım Vəliyeva ilə KXCP sədri Mirmahmud Mirəlioğlu arasında debatın keçirilməsinin zəruri olduğunu irəli sürmuşdür.

7gun.org xəbər verir ki, Elşən Əlisoyun təklifinə hüquq müdafiəçisi Oqtay Gülalıyevin münasibəti belə olmuşdur: "Mən belə bir debatın keçirilməsinə çox yaxşı baxıram və iştirak etməyə hazıram. Amma təbii ki, Mirəlioğlu belə bir debata gəlmək istəməyəcək və bildirəcək ki, o partiya sədrliyinə namizədliyini verməyib)). Mən nəinki partiya sədrliyi ilə, ümumiyyətlə KXCP- nin hazırkı bərbad, iflas həddinə salınmış acınacaqlı durumu və çıxış yollarıyla da bağlı Mirəlioğlu ilə debata hazıram və bunu zəruri hesab edirəm!".

KXCP sədrliyinə digər namizəd Nisəxanım Vəliyeva isə Elşən Əlisoyun təklifinə cavab olaraq bildirib: "Mirmahmudun gərək böyük ürəyi ola ki, sizin dediyiniz debatı keçirtsin. O da onda yox. 2 ildə 25 rayon şöbəsində konfrans keçiribsə bir 2 il də gözləyin ki, o biri 25 şöbədə keçirtsin. Hələ qurultaya iki ilimiz qalıb".

Qeyd edək ki, Elşən Əlisoyun təklifi barədə Mirmahmud Mirəlioğlu hələlik açıqlama verməmişdir.