Hüquq müdafiəçisi Prezidentə müraciət etdi
Taleh Xasməmmədov: "Əslində baş verən qanunsuzluqları saymaqda bitən deyil"7gun.org hüquq müdafiəçisi Taleh Xasməmmədovun Prezident İlham Əliyevə müraciətini olduğu kimi təqdim edir:
Cənab Prezident! Bildirirəm ki, uzun illərdir mən və ailə üzvlərimiz məmur özbaşınalığı səbəbindən repressiya və siyasi təqiblərə məruz qalmışıq. Dəfələrlə mən və qardaşım həbs olunmuşuq, mənim və ailə üzvlərimizin biznes fəaliyyəti məqsədli şəkildə məhdudlaşdırılıb. Hərçənd ki, həbsdə olarkən sayənizdə bir neçə dəfə əfv olunmuşam, amma yenə də rəhbərlik etdiyiniz ökədə siyasi təqiblərə bu günə qədər son verilmir. Tez-tez həbs olunuruq, işgəncə və təzyiqlərə məruz qalırıq, hətta mənə işgəncələr tətbiq edərək əlil də ediblər. Əslində baş verən qanunsuzluqları saymaqda bitən deyil. Heç bu mövzunun üstündə də durmaq fikrim yoxdur. Çünki, ölkədə haqq-ədalət olsaydı, hüquqlarımızı hörmət bəslənsəydi, daha belə bir duruma niyə gəlib çıxırdıq ki...!? Yeganə yaşadığımız ev də qanunsuz yollarla məhz gizli hərracda satılıb və bu günə qədər bu barədə bizə heç bir rəsmi sənəd verilməyib. Şikayətlərimizə baxılmır, bir vətəndaş kimi sayıb hörmət edən də yoxdur. Vəziyyətin yaxşıya doğru dəyişəcəyinə olan ümidimizi isə isə çoxdan itirmişik. İndiki halda normal yaşayış üçün 15 nəfər ailə üzvü ilə birlikdə xarici ölkəyə getməyə qərar vermişik. Bunun üçün DİN tərəfindən mənim ölkədən çıxışıma qoyulmuş məhdudiyyət aradan qaldırılmalıdır. Sizdən heç də böyük xahiş etmirəm, tək xahişim budur ki, müraciətimlə bağlı müvafiq orqanlara öz tapşırıqlarınızı verəsiniz ki, biz də müvəqqəti olaraq ölkə xaricində insan kimi yaşamaq haqqımızdan yararlana bilək.
Hörmətlə, hüquq müdafiəçisi, Taleh Xasməmmədov.