İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...
"Media cəmiyyətin, iqtisadiyyatın mühüm tərkib hissəsi olduğuna görə, təkcə mediada yox, ölkədə bütün sahələri əhatə edən, köklü şəkildə islahatlar aparılmalıdır"Prezident İlham Əliyevin son müşavirəsində səsləndirdiyi bir çox fikirlər, o cümlədən media ilə bağlı iradlar dünəndən başlayaraq sosial şəbəkələrin əsas müzakirə mövzusuna çevrilib. Əksər sosial şəbəkə istifadəçiləri Prezidentin səsləndirdiyi bu fikirləri dəstəkləyir və tələb edirlər ki, medianı ölkə başçısının da dediyi kimi, mübarizə növünə çevirənlər qanun qarşısında cavab versinlər.
Həmçinin artıq sosial şəbəkələrdə müəyyən həştəqlərlə Prezidentin bu sözlərinin, əslində kimlərə ünvanlanması ilə bağlı ehtimallar səsləndirilir, müəyyən məmurların adları qeyd olunur.
Maraqlıdır, görəsən media mütəxəssisləri, tanınmış jurnalistlər bu barədə necə düşünürlər? Prezident, əslində həmin sözləri kimə ünvanlamışdı? Dövlət başçısının məlum çıxışından sonra hakimiyyətin media siyasətində ciddi dəyişikliklər, islahatlar gözlənilirmi?
Suallarımıza "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev və tanınmış jurnalist, siyasi şərhçi Azər Rəşidoğlu ilə AYNA tutmağa çalışdıq.
Mehman Əliyev düşünür ki, jurnalistlərə ev verməklə, pul verməklə mətbuatı daxili mübarizə vasitəsinə hakimiyyət özü çevirib: "Bu, çoxdankı vəziyyətdir. Bu gün mediaya ancaq çirkli pullar axır. Bu, uzun illərdir, bu istiqamətdə aparılan media siyasətinin nəticəsidir. Yəni hakimiyyət özü medianı mübarizə vasitəsinə çevirib. İndi də həmin adamlardan soruşmaq lazımdır ki, bunu niyə etmisiniz".
"Problem ondadır ki, onlar bu prosesə başlayanda Azərbaycanda sosial şəbəkələr çox zəif idi və elə bilirdilər ki, hər şeyi ələ almaqla istədiklərinə nail ola biləcək, istədiklərini təhqir edəcək, istədikləri böhtanları yayacaqlar və heç kəs də bunlara cavab verə bilməyəcək, çünki media da öz əllərindədir. Amma qəzetlər, telekanllar bağlansa da, sosial şəbəkələr, onlayn media inkişaf edir və mübarizə daha çox sosial şəbəkələrdə gedir", - deyə müsahibimiz qeyd edib.
M.Əliyevin fikrincə, Prezident birinci növbətə bu ittihamları hakimiyyətdə media siyasətini aparan şəxsə ünvanlamalıdır: "Soruşmalıdır ki, "sən bu siyasəti aparmısan və nəyə görə medianı bu vəziyyətə gətirib çıxarmısan?" Məndən soruşmayacaq ki, "Turan" bu 30 il ərzində bir dəfə də olsun böhtana, təhqirə görə məhkəməyə cəlb olunmayıb. Həmin sual Əli Həsənova ünvanlanmalıdır. Çünki onlar media siyasəti ilə məşğul olublar və medianı acınacaqlı duruma gətirib çıxarıblar".
Həmsöhbətimiz düşünür ki, media cəmiyyətin, iqtisadiyyatın mühüm tərkib hissəsi olduğuna görə, təkcə mediada yox, ölkədə bütün sahələri əhatə edən, köklü şəkildə islahatlar aparılmalıdır: "Hakimiyyətdə fəlsəfə dəyişməlidir, korrupsiyaya, özbaşınalığa son qoyulmalıdır. Cəmiyyətdə azad və ədalətli münasibətlər yaradılmalıdır. Həmçinin düzəldilməli xeyli iqtisadi, siyasi, hüquqi məsələlər var. Əks təqdirdə medianı düzəltmək mümkün olmayacaq. Bu savaş davam edəcək, daha da dərinləşəcək, nə dövlətə, nə cəmiyyətə, nə də ayrı-ayrı şəxslərə fayda gətirəcək".
"Əslində, Əli Həsənov çoxdan postundan göndərilməliydi, bilmirəm, onu bu vaxta qədər niyə saxlayıblar. Onu nəinki postundan göndərmək, məsuliyyətə cəlb etmək lazımdır ki, 1994-cü ildə Prezident Aparatına bir dəst paltarla gəlmiş Əli Həsənov, necə olub ki, multimilyonçuya çevrilib? Bu qədər sərvəti, media qurumları, binaları haradandır? Medianı məhv etmək, media bazarını öz əlinə keçirmək, bəhrələnmək və sair - hamısı onun siyasətidir. Ona görə də bütün bunların cavabı ondan ciddi şəkildə soruşulmalıdır. Həyat yoldaşının məhkəməsi gedir, ancaq hələ də Sona Vəliyeva məhkəmə qarşısına çıxmayıb", - deyə M.Əliyev vurğulayıb.
Rəşidoğlunun isə ölkə rəhbərinin çıxışından gəldiyi nəticə budur ki, korrupsiyaya uğramış və Prezidentin xəbərdarlığını saymayan məmurların sonu yaxınlaşır: "Onlar dərk edirlər ki, tezliklə sonları gələcək. Buna görə də hər cür sabotaja əl atırlar. Prezidentə yanlış məlumatlar verilir və hər vəchlə çalışırlar ki, Prezident sərt addımlar atsın. Vətəndaşlar birinci şəxsdən narazı deyillər, lakin bu bərbad ideoloq işindən narazıdırlar və bu sahədə dəyişiklik olmazsa, narazılıq ünvanı tədricən dəyişə bilər. Həmin məmurlar yumşalma siyasətinin qarşısını almaqla yanaşı, əslində ali rəhbərliyə xəyanət edirlər".
Jurnalistin fikrincə, İlham Əliyevin qarşısında iki yol qalır: "Ya o, islahatlara qarşı çıxan məmur korpusunu dəyişir, ya da həmin şəxslər islahatların qarşısında əngəl olmaqda davam edirlər. Fakt budur ki, İlham Əliyev müstəqilliyin qorunması və siyasi-iqtisadi-sosial islahatlara yönəlmiş siyasət həyata keçirdiyi halda, qarşı tərəfdəki qrup ancaq öz marağını güdməklə məşğuldur".
"Belə olan təqdirdə, təbii ki, mötədil insanlar Prezidenti dəstəkləyəcəklər. İlham Əliyev ona arxadan zərbə vurmağa hazır olan bəzi məmurlardan təcili xilas olmalı, xalqa və müstəqil ekspertlərə üz tutmalıdır. Ölkədə azad medianın yenidən qurulması vacibdir. Yeni dövrdə belə siyasət işləmir və işləyə də bilməz. Zorakılığı təbliğ etmək yox, cəmiyyətə barışıq əlini uzatmaq lazım gəlir", - ekspert bildirib.
"Necə olur ki, ölkənin birinci və ikinci şəxsləri bunu edir, YAP və "troll jurnalistləri" idarə edən simalar vəziyyəti daha da sərtləşdirirlər?. Məsələn, bir sıra veteran media rəhbərləri - Mehman Əliyev, Elçin Şıxlinski, Qulu Məhərrəmli, Arif Əliyev və digərlərinin təzyiqlərə məruz qalmasının fəsadını niyə düşünmürlər? Yəni, dərk eləmək çətindirmi ki, az intellektli insanlar hakimiyyətin ideoloqu kimi təqdim edilə və göstəriş verə bilməz. Media siyasəti o qədər nöqsanlıdır ki, bu şəxslərin ucbatından minlərlə insan Vidadi İsgəndərli kimi ruhi xəstələrin çıxışlarına qulaq asır. Ona və onun kimilərə maliyyə və məlumatı kimin ötürdüyü isə ayrı mövzusudur", - Rəşidoğlu əlavə edib.
Xatırladaq ki, Prezident İlham Əliyev müşavirədə media ilə bağlı bu fikirləri səsləndirib: "O cümlədən, mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən indi dərinə getmək istəmirəm, amma bildirməliyəm ki, bir hökumət üzvü digər hökumət üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Onların apardığı islahatlar, hansılar ki, Prezidentin tapşırığıdır, onlara kölgə salınır. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Ona görə islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxsa və altdan-altdan bizim işimizə mane olmaq istəsə, əlbəttə ki, belə adamlarla biz bir yolun yolçusu ola bilmərik". / Ayna.az /